Modern.az

Məkrli oyunlar nəticəsiz qalacaq

Məkrli oyunlar nəticəsiz qalacaq

Aktual

Bu gün, 16:10

Türkiyə Azərbaycanın qardaşıdır. Bu qardaşlığın başqa adı, başqa ifadəsi yoxdur. Bir ananın iki övladı kimi Azərbaycan və Türkiyə tariximizin ən ağır sınaqlarında da, ən şərəfli zəfərlərində də bir yerdə olub. Xalqlarımızın qəlbində kök salan bu doğmalıq fərdi münasibətlərdən dövlətlərarası əlaqələrə qədər bütün sahələrdə özünü göstəririb və göstərəcək. Bu zamanın sınağından keçmiş, ortaq tarixdən güc alan və gələcəyə istiqamət verən sarsılmaz qardaşlıqdır.

Böyük Türkiyə Cümhuriyyətinin regional və beynəlxalq nüfuzunun artması, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək qlobal miqyasda söz sahibi olan qüdrətli dövlətə çevrilməsi bir sıra dairələri ciddi narahat edir. Dövlətlərimizin artan gücünü, müstəqil siyasətini və beynəlxalq təşəbbüslərini həzm edə bilməyən qüvvələr ictimai rəyi çaşdırmağa, süni qarşıdurma yaratmağa və qardaşlıq münasibətlərinə kölgə salmağa çalışırlar. Suyu bulandırmaq istəyənlərin məqsədi aydındır. Onlar Azərbaycanla Türkiyənin birliyini zəiflətməklə öz maraqlarına uyğun siyasi mənzərə yaratmağa ümid edirlər.

Son günlər sosial şəbəkələrdə Azərbaycanı və Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alan cızmaqaralar bu narahatlığın yeni təzahürü kimi diqqət çəkir. Antitürk mövqeli dairələrin təsiri altında fəaliyyət göstərən trol şəbəkələrinin təxribatçı kampaniyaları ictimai rəydə çaşqınlıq yaratmağa, xalqlarımız arasında süni fikir ayrılığı formalaşdırmağa hesablanıb. Bu cür cəhdlərin arxasında məkrli niyyətlərin dayanması ciddi şübhələr doğurur. 
Anlaya bilmirlər ki, Azərbaycan və Türkiyə münasibətlərinin təməlində müvəqqəti maraqlar, ayrı-ayrı şəxslərin mövqeyi və konyunktur dəyişiklikləri dayanmır. Bu münasibətlərin dayağı ortaq tarix, qarşılıqlı etimad, dövlətlərimizin müstəqil siyasəti və xalqlarımızın sarsılmaz birliyidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, Türkiyənin artan beynəlxalq nüfuzu və iki dövlətin strateji əməkdaşlığı bu birliyin gücünü daha aydın nümayiş etdirir.

Bu qardaşlığın tarixi böyükdür. Türkiyənin İstiqlal savaşından başlayaraq Azərbaycanın qardaş ölkəyə göstərdiyi dəstək, 2020-ci ildə Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında qəti mövqeyi, 2023-cü ildə Türkiyədə baş verən dağıdıcı zəlzələlər zamanı Azərbaycanın bütün imkanları ilə qardaş ölkənin köməyinə səfərbər olması bu münasibətlərin dərinliyini göstərən tarixi nümunələrdir. Azərbaycan xalqı həmin ağır günlərdə Türkiyənin ağrısını öz ağrısı kimi qəbul etdi. Türkiyə Azərbaycanın ən çətin günlərində mənəvi və diplomatik dəstəyi ilə qardaşının yanında möhkəm dayandı.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqqı ilə bağlı səsləndirdiyi “Azərbaycanın haqqını kimsəyə yedizdirə bilmərik” fikri də bu münasibətin siyasi müstəvidəki ifadələrindən biri kimi yadda qalıb. Bu sözlər iki ölkə arasındakı münasibətlərin hansı səviyyəyə yüksəldiyini göstərən açıq siyasi mövqedir. Azərbaycan və Türkiyə arasında qarşılıqlı dəstək, etimad və həmrəylik illər ərzində konkret addımlarla möhkəmlənib.
Unutmaq olmaz ki, Azərbaycanla Türkiyənin qardaşlığı hansısa sosial şəbəkə kampaniyasının gündəminə sığacaq qədər dar, təxribatçıların müdaxiləsi ilə sarsılacaq qədər kövrək münasibət deyil. 

Təxribatçı şəbəkələr hesab edirlər ki, bu cılız fəaliyyətləri ilə nəyəsə nail olacaqlar. Amma unutmasınlar ki, Azərbaycanla Türkiyənin qardaşlığı hansısa sosial şəbəkə kampaniyasının gündəminə sığacaq qədər dar deyil. Bu qardaşlıq qanla gəlir, ürəklə davam edir və dünya durduqca davam edəcək. Onu sosial şəbəkələrdə qurulan saxta ssenarilərlə sarsıtmaq, kölgələmək, araya nifaq salmaq mümkün deyil. Unutmasınlar! 

Rəşad Mahmudov

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az