Ölkədə ciddi iqtisadi büdrəmə başlayanda, nə taledirsə, böyük təpik zərbəsi alan zavallı xalq həmişə ağır yükə çevrilməyə başlayır. Bu yükü qaldırmalı olan da, bu yükə mənəvi yaxınlıq məsuliyyəti hiss edənlər də bezgin ovqatı sərt formada bir gün dillərinə də daşıyır.
Həssas dönəmdə ehtiyaclı təbəqənin damarına basan, yaşam yolunu göstərən acı məsləhətlər, istehzalı ifadələr iqtisadi islahatların sonucları gələnə qədər hafizələrdə elə iz atır ki, kinayəli sitata, ironik aforizmə çevrilir.
Harda, hansı auditoriyada, konkret kimin tərəfindən səslənməsindən asılı olmayaraq, ağır çəkili “çinovnik”lərin “Bizim Cəbiş müəllim”dəki xalq deyilikmi?” pıçıltısının bir gün anonimlikdən açıq mesajla yaşam imtahanından keçən kütlənin üzünə qəndqabı dibindəki qəndi yalamaq, kilim satıb çörək almaq, sabun bişirib pul qazanmaq kimi açıq çırpılacağına da şübhələr qalmır. Çünki hələlik islahatlar gedir, pul, iş xiffəti çəkənlərin üzünü güldürəcək sonuclar zaman etibarılə heç də yaxın deyil.
Dözüm məziyyətini bu filmdəki real kadrlarla simvolizə etməyə çalışanların mənsub olduğu torpağın nemətləri tənyarı bölünəndə, yaşam ehtiyacları başqaları ilə paradoks yaratmayanda, menyusu, geyim, avtomobil brendi eyni olanda, oğurlanmış sərvətdən, elit həyat tərzindən şəfqət, lütfkarlıq hissinə görə imtina ediləndə, torpaq uğrunda böyük səfərbərlik başlayanda, həm də indiki iqtisadi islahatların yerinə yetirilməsində tam dürüstlük və alın təri tökülməsi ortaya qoyulanda, əlbəttə, biz yenidən həmin filmdəki xalq ola bilərik. Hətta “Şərikli çörək”in də dözüm etalonumuza çevrilməsi mümkündür.
İqtisadi çətinliklərlə bağlı hökumətin həyəcanlı olaraq, zirək atdığı bir neçə addım xalq üçün hələ yaxşısı demək deyil, optimizm üçün yetərli əsas vermir. Bundan daha yaxşısına görə çabalamaq və həyata keçirmək görülməmiş işlərin iri miqyasını təşkil edir, buna böyük potensial da var. Lakin xəstəxanalar, məktəblər, diş poliklinikaları, rayonlararası nəqliyyat, idxal olunan məhsullar islahatların icrasını, açılmalı iş yerlərini, alınacaq əmək haqlarını gözləmir.

İnsan təkcə çörəkdən asılı deyil, ehtiyac səbətinə onlarla zəruri məhsul daxildir. Başqa yandan ixtisarlar durmadan gedir, vakansiyalar təklif edilmir. Hər halda hər şeyi yalan niqabı ilə ört-basdır etmək mümkün deyil.
Digər tərəfdən, burada bu islahatların hansı əllərə verilməsi daha vacib şərtdir. İllərdir, məmur acgözlüyünün güdazına gedən taleyimizə, yenidən həmin insanların hökm etməsi qorxu sindromunu yaxşı gümanlarla çətin əvəzləyə bilir.
Əgər nazir adminstrativ qrafikə uyğun olaraq, olduğu rayonda əhali görüşlərinə səs-küydən qaçmaq üçün arxa qapıdan girib, arxa qapıdan çıxırsa, bu, şəxsiyyətin islahına, başlanmaq üzrəki islahatlara şəxsi qazanc ambisiyası ilə yanaşılmayacağına ümidləri öldürür.
İş yerlərinin açılmasını özündə ehtiva edən proyektlər indilikdə təsəlli və ümiddən kənara çıxmır, çünki yanlış arxayınçılığın, qeyri-neft sektorunun inkişafının vacibliyinə məhz indi yetirilən xüsusi diqqət əməlli zaman alır ki, xəyali firəvanlıqla qarnı doymayan kütlənin qəlbində nələr baş verdiyini görmək, yaxşı günlərə səbrinin nə qədər çatacağını proqnoz etmək çətindir.
İş ondadır ki, iqtisadi islahatlar əli daim büdcədən ayrılan vəsaiti oğurlamağa öyrəncəli, inhisarçılığın başında dayanan insanların öhdəsindədir. Onlar qarşıya uşaq kimi qoyulub tənbeh edilən, düz yola çağrılan, növbəti dəfəsində də acı sözlərin hədəfinə haqlı rast gələn yetkililərdisə, bu islahatlar dönəmindən yaxşı çıxa bilməklə bağlı ürəklərə sərin su səpilmir.
Dialoq- bəlkə xalqla?
Bu arada zəifləmiş “oppozisiya” öz varlığını və potensialını bərpa etməyə çalışaraq hakimiyyətə təklif etdiyi dialoqda çözüm formulunu ortaya qoymağa diqqət çəkmək istəyir. Lakin bu dialoqun topluma nə verə biləcəyi aydındır-təbii ki, heç nə. Birincisi, hakimiyyətin içində, çevrəsində alternativ komandanın içindəki insanlardan da savadlı və ağllı iqtisadçılar var. İkincisi, böhrandan çıxmaq üçün, həm də iradə, vicdan tələb olunur ki, bu keyfiyyəti opponentlər yarada bilməz. Hakimiyyətlə dialoqun yeganə qarşı tərəfi xalqdır və müxalifətdən güclüdür. Hakim elita onunla hesablaşılan addımlara getmək çabası göstərir.
Nazirlər üçün kritik qəbullar
Yuxarı çevrədən həyata keçirilən sosial kataklizmləri tormazlayan bir sıra addımlar bu il üçün planlanan vətəndaş qəbullarında hökumət üzvlərinin yükünü xəfiflətmir, əksinə, əhali-nazir və nazir komandası formatındakı görüşlərin standartlarını dağıtmaqla bərabər, onun ab-havasına əvvəlkilərdən fərqli kifayət qədər ağırlıq əlavə olunur.
Dünən bu gündən xeyli rahat idi və bu səbəbdən nazir qəbullarında bir formallıq, qeyri-səmimi metodlarla bu prosesi başlayıb yekunlaşdırmaq, bir-iki sakinin probleminin çozümünü yaxşı iş əmsalı kimi gözə soxmaq, bəzən könülalan vədlər, ötəri xarakterli təsəllillər qrafikdəki tarixə, necə gəldi nöqtə qoyurdu.
Efir vətəndaşın əlinin nazirə çatmadığı körpüdür və iqtisadi böhranın ajiotajlı günləri başlayandan, ünsiyyət birbaşa əlaqə müstəvisində hələ ki, bir neçə məmur üçün yaranıb.
Bu, üzərində məsuliyyət olan məmurları vətəndaş hikkəsindən uzaq tutsa da, canlı təmasda bu imkan o qədər zəifdir ki, yerli administrativ aparat, vəzifəli adamın görüşlərdə sipər rolunu oynayan komandası mümkün spontan məqamlara nəzarət etmək və pis ehtimalları cilovlamaq gücündə deyil.
Pis ehtimal aydındır-emosionallığı yüksək həddə çatmış vətəndaş kobud formada özünü məmurun üzərinə atmaq, ondan iş və çörək tələbini qışqırıq, hay-küy üslubunda istəməkdən sığortalı deyil.
Vətəndaş, mövcud islahatları onu tənha qoymayan nəcib addım kimi dərk etsə də, uzanan işsizlik, pulsuzluq, ehtiyac sıxıntısına nə qədər dayana biləcəyinə əmin deyil.
“Naz Lifan”da gəzməyi ekspriment belə, etməyəcək, “Embawood”u kabinetinə gətirməyəcək “çinovnik”lərin topluma “Bizim Cəbiş müəllim”i təsəlli və çıxış yolu örnəyi kimi təqdim etməyə haqqı da, cəsarəti də çata bilməz.