Modern.az

Başımıza gələnlər

Başımıza gələnlər

Aktual

7 Fevral 2016, 10:06

Hər şey o qədər qarışıb ki, kimin əli kimin cibindədi, anlamaq olmur. Ölkədə çəkiləcək o qədər dərd varkən müğənnilərin deyişməsi gündəmi zəbt edib. İlhamə Quliyevaya Aygün Kazımovanın atışması, Elza Seyidcahanın əvvəli-soni qeyr-bəlli, üz qarası olan "şeiri" şəhid xəbərindən çox gündəmi qarışdırıb.  Nə baş verdiyini anlayıram. Ölkədəki bahalaşmanı, işsizliyi unutdurmanın ən rahat yolu bu olmalı.  Guya indiyə qədər kimsə “Şöhrət” ordenli müğənninin nələr etdiyindən xəbərsizdir... Qəfildən yardımçısının məktubundan sonramı hamı onu daha yaxından tanıdı?

Kənardan o qədər gülməli görsənir ki... Hələ millət vəkillərinin cəfaşanlığı anlaşılan deyil. Görəsən sayın vəkillərimiz niyə vətəndaşları narahat edən məsələlərdən danışıb gündəmə gəlmək istəmirlər? Yerlərini növbəti illər üçün qorumağın ən yaxşı yolu işsiz qalan, sosial güvəncəsi olmayan insanların dərdindən danışmaq olmazmı? 
Can verən, iflic olmuş  səhiyyəmizin problemlərindən danışsalar məsələn... Qəpik-quruş alıb, kənarda şagird hazırlamaqla ayaqda qalmağa çalışan müəllimlər,  sosial sığortası olmadan işləyən fəhlələr, bahaılqdan "od tutub yanan" marketlər və dolu rəflərdən boş çantayla çıxan ac insanlar ...

Onların dərdindən danışmaq bu qədərmi çətindi? Mənim hörmətli həmkarlarıma nə deməli? 21 yaşlı şəhid övladımız vardı o gün. Ananın tək oğulu, soyismini daşıyacaq tək övladı... Şəhid oldu və o günü İlhaməylə Aygünün tərbiyəsiz deyişməsi medianın baş xəbəriydi. Şəhidimizin xəbəri bir güncdə yer aldı və bitdi. Niyə sayın vəkillərimlə, həmkarlarım atəşkəs dövründə hər ay, hər həftə gələn şəhid xəbərini gündəmdə bu qədər saxlamır? İlhamənin özündən razı duruşu, birini döyməsi, söyməsi, Aygünün çöldə qalmış əndamı gözünüzümü tutdu?

Bir az silkələnək, özümüzə gələk. Tez tez eşitdiyim bir məsəl var: "Biz düzələn deyilik". Əcaba bizi kim düzəldəcək? Özümüzə təlimçimi gətirək yad ellərdən? Maqazin xəbərlərinin Milli Məclis, ciddi jurnalistika səviyyəsinə qalxmaması üçün nə edək? Bizi kim törpüləsin? Biz düzələrik. Rüşvət verməsək, yaltaq olmasaq, haqqımızı bilsək və müdafiə etsək, boş lovğalıq etməsək, yaslarda masaları bəzəməsək, toylarda bəhsə girib min bir çeşid yeməyi ziyan etməsək, növbə gözləmə mədəniyyətimiz olsa, müəllimlərimiz yüksək maaş alsa da, süpürgəpuluna göz dikməsə,  həkimlərimiz savadlı olsa, təhsildə rüşvətə yox desək, alimimimiz mügənnimizdən yaxşı yaşasa, məmurların cibi dolu, vətəndaşın qarnı ac olmasa, məhkəmələr ədalətli olsa,  sosial şəbəkədən çox, kitab oxumaqla vaxt keçirsək...

Biz biz olsaq da doğruları bizləməsək. Əmin olun, onda hər kəsin əli öz cibində olacaq. Amma belə görürəm hələ ki əllər vətəndaşın cinindədi. Amma maşallah, biz çox istedadlı xalqıq. Nyutonun başına alma düşüb alim olub,  bizim başımıza dollar düşüb, biz də bir şeylər yaradırıq. Məsələn, olimpiya stadionunda toy keçirmək kimi ideyalar gəlir başımıza. Bir dəfə də dollar qalxsa, yas mərasimləri üçün də Tofiq Bəhrəmov stadonunu açıq elan edərik.

Bu nə, bu ideyaları kim düşünür? Nə olar başınıza bu qədər zəhmət verməyin. Siz idmanın inkişafı məsələsini də yanlış anlamısınız. İdmanın inkişafı üçün stadionda toy etmək yox, məşq keçmək lazımdı. Kabab iyi gələn idmanımız! Gözəl səslənir! Bu qədər lətifə yetər, ölkəni gülünc duruma salmayın.  Gedin iki gün ac qalın, xalqı düşünün. Toxluq sizin beyninizi qurudub. Belə getsə, elə sizə İlhamə qənim olsun. Allah sizi Elzanın “şeirləri” ilə cəzalandırsın!..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı