Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
Çingiz Əlioğlu 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. 1961-1965-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb.
Bədii yaradıcılığa 1967-ci ildə "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şerilə başlayıb. Elə o vaxtdan da fəal ədəbi yaradıcılıqla məşğul olur, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.
Onun “Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Gün keçdi”, “Aynabənd”, “Fraqmentlər”, “Ruhumun həndəsəsi”, “Gecə və bahar”, “Şairlik bir sənət deyilmiş, qardaş” və s. kitabları müəllifə şöhrət qazandırıb.
Ç.Əlioğlunun “Bürkü”, “Qobustan ritmləri”, “Şeir yaza bilmirəm”, “Şiraz şeirləri” və s. kitabları müasir ədəbi mühitin tanınmış əsərləri sırasındadır.
Şairin əsərləri dünyanın bir çox dillərinə tərcümə olunub. Onun şeirlərinə bəstələnmiş mahnılar müğənnilərin repertuarını bəzəyir.
Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Ç.Əlioğlu A.Axmatovanın, M.Svetayevanın, S.Yeseninin, İ.Şklyarevskinin, L.Tatyaniçevanın, A.Soutollun əsərlərindən nümunələri dilimizə çevirib.
Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin.