Modern.az

Paytaxtın sərnişindaşıma sektorunda kimlər "at oynadır"?

Paytaxtın sərnişindaşıma sektorunda kimlər "at oynadır"?

11 Sentyabr 2009, 15:43

MONOPOLİYAYA ALINAN MARŞRUTLAR VƏ İRİTUTUMLU AVTOBUSLARIN "AZAD" SÜRÜCÜLƏRİ

Bakı şəhərinin sərnişindaşıma sektorunda iritutumlu avtobusların marşrutlara buraxılmasından sonra bir sıra problemlər yaranıb və bu sahədə qarışıqlıq hələ davam edir. Ortatutumlu avtobusların paytaxtın mərkəzi küçələrinə buraxılmaması, onların hərəkət sxemlərinə edilmiş dəyişikliklər, iritutumlu avtobusların işlədiyi marşrutların monopoliyaya alınması sərnişindaşımadakı qarışıqlığa səbəb olan amillərdir.

Sərnişinlərə əlavə problemlər yaradılıb

Müşahidələr göstərir ki, bəzi marşrutların hərəkət sxeminə edilmiş dəyişikliklər avtobuslarda sərnişin sıxlığının yaranması ilə nəticələnib. Həmin dəyişikliklərdən sonra ictimai nəqliyyatdan istifadə edən minlərlə paytaxt sakini lazımi ünvana çatmaq üçün 2-3 marşrut dəyişməli olur. Nəticədə sadə vətəndaşlar əvvəlkindən bir neçə dəfə artıq gediş haqqı ödəyir, eyni zamanda, əlavə vaxt itirirlər. Məsələn, 52, 57, 65, 39, 177 saylı marşrutlarının hərəkət istiqamətində dəyişiklik edilib. Əvəllər yalnız bu marşrutlarla birbaşa mənzil başına çatan sərnişinlər indi iki-iç avtobus dəyişməyə məcburdurlar.
«Bakı Sərnişin Nəqliyyatı» MMC-nin mətbuat katibi Samir Həsənov Modern.az-a bildirib ki, problemlər tədricən aradan qalxacaq. Amma yəqin ki, problemlər aradan qalxanadək sərnişinlər hələ çox əziyyət çəkməli olacaqlar.

Avtobus marşrutları inhisara alınır

«Bakı Sərnişin Nəqliyyatı» MMC-nin məlumatına görə, hazırda Bakıda 1000-dən çox irirtutumlu avtobus marşrut xətlərinə buraxılıb. Araşdırmalarımız zamanı məlum oldu ki, iritutumlu avtobuslar gətiriləndən sonra onları tələm-tələsik marşrutlara buraxmaqla bu sahəni monopoliyaya alırlar. Hazırda sərnişindaşıma ilə məşğul olan iritutumlu avtobusların hansı şirkətə məxsus olmasını araşdırarkən bu sahənin inhisara alınması barədə deyilənlərin fakta söykəndiyini öyrəndik. Son vaxtlar şəhərə gətirilən və əsasən sərnişinləri sıx olan marşurutlarda işləyən bütün iritutumlu avtobuslar «Transqeyt» şirkətinə məxsusdur. Həmin avtobusların sürücülərinin üzərində «Transqeyt» sözləri yazılmış vahid geyim formasında olması deyilənləri bir daha təsdiq edir. Bir günlük müşahidəmiz zamanı müəyyən etdik ki, şəhərin əsasən mərkəzi yollarından keçən və sərnişinləri daha çox olan 85, 96, 90, 325, 14, 188, 137, 309, 70, 106, 54, 295, 162, 212, 169, 200, 285 saylı marşrutlar üzrə yalnız «Transqeyt» şirkətinin iritutumlu avtobusları işləyir. Amma bu, heç də həmin şirkətə məxsus bütün avtobus marşrutlarının siyahısı deyil. Şəhərin ayrı-ayrı məkanlarında bir neçə gün müşahidə aparmaqla adıçəkilən şirkətə məxsus marşrut xətlərinin daha çox olduğunu dəqiqləşdirmək mümkündür. Qeyd etmək lazımdır ki, həmin marşrutların əksəriyyəti bu yaxınlaradək, yəni paytaxta iritutumlu avtobusların gətirilməsinədək müxtəlif firmalara məxsus olub. Lakin «Transqeyt» şirkəti şəhərə iritutumlu avtobuslar gətirəndən sonra sərnişindaşıma ilə məşğul olan digər firmaları tədricən «vurmağa» başlayıblar. Yeri gəlmişkən, «Bakı Sərnişin Nəqliyytı MMC»-dən bildirilib ki, yaxın gələcəkdə şəhərətrafı qəsəbələrə işləyən mikroavtobuslar da yavaş-yavaş xətlərdən çıxarılacaq. Onları da iritutumlu avtobuslar əvəzləyəcək. Bu isə onu deməyə əsas verir ki, sərnişindaşımada monopoliyanın dairəsi bir qədər də genişlənəcək.

Avtobus sürücülərinin özbaşınalığı

Son vaxtlar marşrutlara buraxılan iritutumlu avtobuslarla bağlı yeni problemlər müşahidə edilməkdədir. Söhbət bu avtobusların işindən deyil, onların sürücülərinin şəhərin küçələrində yol verdikləri özbaşınalıqlardan gedir. Müşahidələrimiz zamanı bəzi avtobus sürücülərinin yol hərəkəti qaydalarına əməl etməməsi, svetoforun qırmızı işığında keçməsi, tıxaclara səbəb ola biləcək hərəkətlərə yol verməsi, nəqliyyat vasitələrini dayanacaqlardan kənarda saxlaması, bir çox hallarda sürət həddini aşması, bir-birlərilə «yarışması»  təəccübümüzə səbəb olub. Maraqlıdır ki, sadalanan qanunsuzluqlar bəzi vaxtlarda Nəqliyyat Nazirliyinin marşurutlara nəzarət edən müfəttişlərinin və yol polislərinin gözü qarşısında baş versə də, onlar belə halları bilərəkdən görməməzliyə vurur, iritutumlu avtobusları saxlamaq, bu nəqliyyat vasitələrinin sürücülərini cərimələmək istəmirlər. Ola bilsin ki, nəqliyyat müfəttişləri və yol polisləri iritutumlu avtobusların hansı şirkətə məxsus olduğunu bildiklərindən həmin nəqliyyat vasitələrinin sürücüləri barədə tədbir görməyə cəsarət eləmirlər. Amma inanmırıq ki, «Transqeyt» şirkətinin rəhbərliyi iritutumlu avtobusların sürücülərinə yol hərəkəti qaydalarını pozmaq üçün elə bir «azadlıq» versin. Yəqin ki, bu, həmin avtobusların sürücülərinin özfəaliyyətidir.
«Bakı Sərnişin Nəqliyyatı» MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov məsələ ilə bağlı bunları bildirib: «Avtobus sürücülərinə nəzarət etmək üçün hazırda bizdə müfəttişlik sistemi mövcuddur. Amma gələcəkdə intelektual nəzarət sistemi nəzərdə tutulub. Həmin sistemlə nəinki avtobus, eyni zamanda taksi sürücüləri də sürət həddini aşanda və yol hərəkəti qaydalarını pozanda saxlanılacaq». S.Həsənovun sözlərinə görə, iritutumlu avtobusların sürücülərinin seçilməsi marşrutların məxsus olduğu sahibkarların öz ixtiyarındadır: “Sürücüləri biz işə götürmürük. Amma deyə bilərəm ki, iritutumlu avtobusda işləmək üçün sürücünün sürücülük vəsiqəsində “D” kateqoriyası mütləq olmalıdır».
Bakı Sərnişin Nəqliyyatı» MMC-nin rəsmisi yol hərəkətini pozan iritutumlu avtobus sürücülərinin cəzalandırılmaması və marşrut xətlərinin monopoliyaya alınması məsələlərinə dair suallarımıza aydınlıq gətirmək istəməyib.
Xatırladaq ki, paytaxtda sonuncu dəfə bu ilin iyununda 300 ədəd iritutumlu avtobus gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır