Modern.az

Paşinyan Almaniyaya gedir - ona sülh mükafatı veriləcək

Paşinyan Almaniyaya gedir - ona sülh mükafatı veriləcək

Dünya

Bu gün, 13:18

Ermənistanın baş naziri Nikol Paşinyan Hessendə təqdim olunan Sülh Mükafatını almaq üçün Almaniyaya səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın Hessen federal torpağının parlamenti məlumat yayıb.

Bildirilib ki, 51 yaşlı siyasətçi mükafata “ölkədə demokratik institutların yaradılması və Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində yorulmaz səylərinə görə” layiq görülüb.

25 min avro məbləğində olan mükafat 1994-cü ildən Albert Osvald Fondu tərəfindən təqdim edilir.

Mükafat zorakılıq riski daşıyan müharibə və münaqişələrin dayandırılması istiqamətində səylərə, qabaqlayıcı tədbirlərə, zorakı münaqişələrin qarşısının alınması strategiyalarının hazırlanmasına və beynəlxalq qarşılıqlı anlaşmaya töhfəyə görə verilir.

Fond Hessenin keçmiş baş naziri Albert Osvald və onun ailəsi tərəfindən yaradılıb. Fondun qəyyumlar şurasına sülh məsələləri ilə məşğul olan Almaniyanın aparıcı elmi-tədqiqat institutlarının nümayəndələri daxildir. Onlar sülh mükafatının verilməsi ilə bağlı məsələlər üzrə məsləhətlər təqdim edirlər.

Mükafatlandırma mərasimi sentyabrın 18-də Almaniyanın Hessen federal torpağının parlamentində keçiriləcək.

Qeyd olunur ki, Paşinyanı səfər zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan müşayiət edəcək.

Səfər çərçivəsində Ermənistan hökumət başçısının Frankfurt Ticarət və Sənaye Palatasında işgüzar dairələrin nümayəndələri ilə görüşməsi və Darmştadtda Fraunhofer Struktur Dayanıqlığı və Sistem Etibarlılığı İnstitutuna baş çəkməsi planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland