Modern.az

Musa Quliyev: Diplomatların Qarabağa səfəri tarixi həqiqətləri göstərdi

Musa Quliyev: Diplomatların Qarabağa səfəri tarixi həqiqətləri göstərdi

Ölkə

Bu gün, 14:30

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi və informasiya əhəmiyyəti daşıyır.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, diplomatların Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdəki vəziyyətlə yerində tanış olması Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdim edilməsinə imkan verir.

M.Quliyev xatırladıb ki, əvvəlki illərdə bir sıra Qərb ölkələri Qarabağa Azərbaycanın icazəsi olmadan edilən səfərlərə fərqli münasibət göstərir, ərazini mübahisəli kimi təqdim etməyə çalışırdılar:

“Bir neçə il əvvəl həmin diplomatların təmsil etdikləri bəzi Avropa ölkələrinin siyasi dairələri Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etmək istəmirdilər. Ərazini hələ də mübahisəli məkan kimi təqdim etməyə çalışırdılar. 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevdən müsahibə alan bəzi Qərb jurnalistlərinin suallarında da Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyinə görə ittiham olunurdu”.

Deputat bildirib ki, 2020-ci ildən sonra bəzi Qərb dövlətlərinin nümayəndələri Qarabağ və Şərqi Zəngəzura təşkil olunan ilk diplomatik səfərlərdə iştirak etməkdən imtina ediblər. Bəzi ölkələr isə səfərlərə aşağı səviyyəli nümayəndələr göndəriblər.

Onun fikrincə, sonrakı dövrdə vəziyyət dəyişib və diplomatların səfərlərdə daha geniş şəkildə iştirakı Azərbaycanın yaratdığı yeni reallığın qəbul edildiyini göstərir:

“Bu gün diplomatlar həmin ərazilərə gedərək həqiqətləri öz gözləri ilə görürlər. Onlar Azərbaycanın cəmi beş il ərzində həyata keçirdiyi genişmiqyaslı quruculuq və abadlıq işləri, yaradılan elektrik və yol infrastrukturu, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən tədbirlərlə tanış olurlar”.

M.Quliyev vurğulayıb ki, diplomatlar səfər zamanı işğal dövrünün nəticələrini Azərbaycan tərəfindən aparılan bərpa işləri ilə müqayisə etmək imkanı əldə edirlər:

“Azərbaycan qısa müddətdə şəhər və kəndləri yenidən qurur, insanları doğma yurdlarına qaytarır. Bunun qarşılığında diplomatlar 30 illik işğal dövründən qalan dağıntıları da görürlər. İnsan öz evi hesab etdiyi yeri dağıtmaz. İşğal dövründə yaşayış məntəqələri, dini abidələr və qəbiristanlıqlar məhv edilib”.

Deputat səfərin mədəni irslə bağlı yayılan iddiaların yerində araşdırılması baxımından da əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan ərazisində yerləşən tarixi və dini abidələri mənsubiyyətindən asılı olmayaraq qoruyur:

“Azərbaycanın xristian abidələrini dağıtması barədə illərdir əsassız iddialar irəli sürülürdü. Diplomatlar gördülər ki, həmin abidələr qorunub saxlanılır, bəzilərində bərpa işləri aparılır. Bu abidələrin mühüm hissəsi Qafqaz Albaniyasının tarixi-mədəni irsinə aiddir. Azərbaycan hansı dinə və xalqa məxsus olmasından asılı olmayaraq, ölkə ərazisindəki bütün mədəni irs nümunələrini qoruyur”.

M.Quliyev bunun əksinə olaraq, işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdə məscidlərin, qəbiristanlıqların və digər Azərbaycan abidələrinin dağıdıldığını diqqətə çatdırıb.

“Diplomatlar bərpa olunan xristian abidələrini gördükləri kimi, dağıdılmış məscidləri və qəbiristanlıqları da görürlər. Bu müqayisə Azərbaycanın mədəni irsə münasibətini və işğal dövründə baş verənləri aydın şəkildə nümayiş etdirir”, – deputat qeyd edib.

M.Quliyev Ermənistan tərəfinin diplomatların səfərinə etirazını ziddiyyətli mövqe adlandırıb. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib:

“Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyirsən, digər tərəfdən isə diplomatların Azərbaycan ərazisinə səfərinə etiraz edirsən. Xarici diplomatların Azərbaycan hökumətinin təşkilatçılığı ilə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinə getməsi Ermənistanın müdaxilə edə biləcəyi məsələ deyil”.

Deputatın fikrincə, belə səfərlər Qarabağ və Şərqi Zəngəzurla bağlı beynəlxalq auditoriyada mövcud olan yanlış təsəvvürlərin aradan qaldırılmasına, postmünaqişə reallıqlarının və Azərbaycanın sülh gündəliyinin daha düzgün qiymətləndirilməsinə xidmət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland