Rusiyanın general-mayoru Anton Qrunis Ukraynada həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov məlumat verib.
Onun sözlərinə görə, Qrunis Rusiya ordusunun 4-cü əlahiddə qvardiya motoatıcı briqadasının komandiri olub.
Generalın rəhbərlik etdiyi briqadanın hərbçiləri Ukraynanın Konstantinovka şəhərinin ələ keçirilməsində iştirak edib. Rusiya tərəfi şəhərə nəzarətin iyulun 3-də qurulduğunu açıqlayıb. Qrunis daha sonra Rusiya Prezidenti Vladimir Putinə Konstantinovkanın ələ keçirilməsi barədə məruzə edib.
Avqust ayında Anton Qrunisə Rusiyanın ən yüksək fəxri adlarından biri olan “Rusiya Qəhrəmanı” adı verilib. O, bu ada hərbi xidmət zamanı göstərdiyi “igidlik və qəhrəmanlığa görə” layiq görülüb.
Grunisə general-mayor hərbi rütbəsi 2024-cü ilin mayında verilib. Rusiya mediasının yazdığına görə, Vladimir Putin daha əvvəl çıxışlarından birində adı açıqlanmayan briqada komandirindən danışarkən məhz Qrunisi nəzərdə tutub. Putin həmin şəxsin Kazanda doğulduğunu və “əla döyüşdüyünü” bildirmişdi. Generalın ölüm səbəbi barədə açıqlamada məlumat verilməyib.