13 İyul 2016, 10:57 | Ana Səhifə - Yazılar - Buludxan Xəlilov 50 yaşına...
Buludxan Xəlilov 50 yaşına...

Mahir Qabiloğlu

 

1983-cü il idi. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin 1-ci kursuna  qəbul olmuşdum.  16 yaşım olmasına baxmayaraq  məqsədim,  məramım aydın idi. Mən alim olmalıydım. Hədəf isə 25 yaşına qədər namizədlik dissertasiyası müdafiə etmək, sonra isə doktorluğa doğru inamla irəliləmək idi. Təqribən 30-31 yaşında doktorluq dissertasiyasını da  müdafiə edib, professor tituluna yiyələnmək. Hamı da baxıb deyəcəkdi ki, bərəkallah, Mahir cavan professordur. Maddi tərəfi də fikirləşmişdim. Dosent və professorlar  yüksək maaş alırdılar. Hörmətləri də dünyalar qədər. Qəbul imtahanlarına salınan müəllimlərin hörməti isə xüsusilə yüksək idi.

Mən də özümü bu üfüqdə görürdüm. Bu baxımdan canlı nümunələrim də vardı. Məsələn: dekanımız Ağamusa Axundov 32, Xarici Dillər institutunda işləyən Kamal Abdullayev (Kamal Abdulla) isə 34 yaşında bu titula yiyələnmişdilər. Mən də onlar kimi “doktor nauk”, professor olmaq istəyirdim. Özü də gənc yaşlarımda. Atam da arxamda dağ kimi dayanmışdı.

1983-cü ildə 209 saylı auditoriyada dekan Ağamusa Axundov biz 1-ci kurs tələbələrinə tələbə biletlərini təqdim etdi. Şəklimizi də çəkmişdilər. Arxasına bilirsinizmi nə yazmışdım? “Professor Ağamusa Axundov gələcəyin professoru Mahir İmamverdiyevə tələbə biletini təqdim edir”. İndi bu fotoya baxanda gülürəm. Nəyə gülürəm? Auditoriyaya girib, 1 saat yarım mühazirə söyləməyimə 5-3 manat qazanacağım bugünkü professor günümə. Adımı müəllim qoyub, mənə imtahan götürməyə icazə verilməyəcəyim günümə. Ağac əkib, barını başqalarına yedirdəcəyim, özüm isə qıraqdan baxıb, ağzımın suyunu axıdacağım günümə. 200 balla qəbul olan savadsız tələbələrimin qoyun gözlərinə baxan günümə. Şair Famil Mehdinin şeirini -

Nəvələr görməsin diləndiyini,
Tale xırmanında döyüldüyünü,
Ömrün ələyində ələndiyini.
Dilən, professor, utanma, dilən
Dillən, professor, utanma, dilən...

... oxuyub infarkt keçirəcəyim günümə.  Hə... nə yaxşı ki, professor olmadım.

 

HAŞİYƏ:  AzTV-də işləyirdim. Otağa zəng gəldi. “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov idi. O, həm də Nizami adına Ədəbiyyat institutunda şöbə müdiri işləyirdi.  Hansısa süjetlə bağlı zəng etmişdi. Söhbət əsnasında bildi ki, Qabilin oğluyam. Birdən gözlənilmədən “Mahir, sabah gəl akademiyaya. Sənə mövzu verəcəyəm. İşlə və müdafiə elə” dedi. Heç nə demədim.

Elə həmin gün axşam atamla hansısa ədəbi gecədəydik. Teymur Əhmədovun sözünü atama da çatdırdım.  Dedi ki, “Əşşi, nəyinə lazım. Əlavə əzab-əziyyətdir. Heç bir işinə də yaramayacaq. Özünü bu sənətə həsr edənlər başqa məsələ. Sən nə edəcəksən ki? Min zülmlə namizəd, doktor olacaqsan, sonra da diplomunu atacaqsan “sandığ”ın bir küncünə”. Hətta bu dəm yanımızdan şair Nəriman Həsənzadə keçirdi. Atam ona:

- Ay Nəriman, sən dissertasiya müdafiə etmisən?

- Hə, Qabil, filologiya elmləri namizədiyəm.

- Xeyrini gördün?

- Yox, ay Qabil, heç bilmirəm diplomum hardadır. (SON)

 

Amma bütün bunlara baxmayaraq, mən professor olmaq istəyirdim. Uşaqlıq arzum idi. Anlamırdım bu titulun çətinliyini. Deyirdim nə var e... İki dissertasiya yazıb müdafiə edəcəksən, vəssalam... Olacaqsan elmlər doktoru, professor.

Mənim isə sadəcə nə dissertasiya yazmağa vaxtım var idi, nə də ki, hövsələm. Hələ xarab olacaq əsəblərimi demirəm. Mən telejurnalist idim. Amma yenə də professor olmaq arzum ürəyimdə közərirdi.  Hərdən körük basıb alovlandırırdılar bu közü.

Çəkilişlərə gedəndə, yaxud “Xəbərlər”ə baxanda uşaqlıq arzum alovlanırdı. İllah ki, vəzifəli şəxsləri təqdim edəndə: “Bakı şəhər İcra Hakimiyyətinin başçısı, professor Hacıbala Abutalıbov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, professor Əli Nağıyev, AzTV sədri, professor Nizami Xudiyev, nazir, professor Hüseyn Bağırov...” Maşallah, professor bolluğuna düşmüşdüm.  Deməli, professor olmaq yaxşı şeydir ki, bu boyda vəzifə sahibləri öz adlarının əvvəlinə bu titulu yazmaqda maraqlıdırlar. Sonra buna son qoyuldu. Əlbəttə ki, Prezident Heydər Əliyevin iradından sonra.

Yuxarıda “çəkilişlərə gedəndə” dedim. Demə, deputatların, vəzifəli insanların böyük əksəriyyəti həm də ali məktəb müəllimi, professor, kafedra müdirləridir. Özü də ki, bütün sahələrə, hətta dövlət qulluğuna da,  təqaüd, yaş senzi qoyulsa da, elm-təhsil sahəsi bu limitdən uzaqdır. Niyə? Çünki vəzifə, deputatlıq müvəqqətidir. Əlin hər yerdən üzüləndən sonra yan almağa etibarlı, ehtiyat limanın olması hansı eks-deputata, eks-vəzifəliyə  maneçilik edər ki? 

İndi isə doktor olmaq, dissertasiya müdafiə etmək adət halını alıb. Məşədi İbad demişkən: “Bir növ adətkərdə olublar”.  Amma “bu həna o hənadan deyil”. Mənim gördüyüm, can atdığım “hənaya” çatmaq, yiyələnmək çox çətin və şərəfli idi. Mən bu gün də o “həna”nın arzusundayam. Ətrini duyuram. Ətrini dostum, 33 yaşında elmlər doktoru, professor olan, bu ay isə 50 yaşını qeyd edəcəyimiz Buludxan Xəlilov kimi professorlarımızdan  alıram.

 

PAXIL

 

Düzünü desəm xoşum gəlmir bu sözdən və paxıl insanlardan.  Özüm də heç vaxt paxıl olmamışam. Başqasında yaxşı bir şey görəndə, ya  sevincinə şərik, ya  da  çalışıb-vuruşub o əlçatmaz şeyə nail olmuşam. Müasir zəmanədə nəyə paxıllıq etmək olar axı? Başqasının xarici, bahalı maşınlarına, mənzil-villalarına, yemək-içməkdən başının ayılmamasına, gözəl, gənc xanımlarla oturub-durmasına, daş-başlı vəzifəsinə... Kiminsə ağlına, bacarığına, istedadına paxıllıq etsən sənə başıxarab deyərlər.

Mən isə Buludxana paxıllıq edirəm. Paxıl adam olmasam belə. Bunu dilimə gətirməyə də utanmıram. Özü də bu paxıllıq ikiqatdır. İndi deyəcəksiniz ki, yəqin Mahir dostunun seçki yoluyla seçildiyi dekan vəzifəsinə paxıllıq edir. Düzdür, Buludxanın vəzifələri var. Atam Qabilin də məzunu olduğu Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanıdır, kafedra müdiridir, Respublikada bir sıra mötəbər qurumların üzvüdür. Respublikanın ictimai həyatında fəal iştirak edir. Televiziya proqramlarının sevimli ekspertidir. Çoxlu elmi kitabları, monoqrafiyaları var. Bunlaramı paxıllıq edirəm? Əsla. Birincisi vəzifəli adam o adama deyilir ki, möhürü, bankda daşdan keçən imzası, hesabı olsun. Dekanın, kafedra müdirinin nəyi var axı?

 

HAŞİYƏ: Günlərin bir günü Buludxanın işinə getmişdim. Birdən gözüm stolun üstündəki kalkulyatora sataşdı.

–       Nə qəşəng kalkulyatorun var? – dedim. Arif adamdır. Bildi ki, nəyə işarə edirəm. 

–       Müəllimlərin dərs saatını dəqiq bölmək üçün lazım olur. – deyə başını buladı, ah çəkdi.

Axıracan demədi. Demədi ki, tələbələrin  qazandıqları qayıbları da kalkulyatorla sayırlar.  (SON)

 

Bəlkə maşınına, villasına paxıllığım tutur? Əsla. Çox sadə adamdır Buludxan Xəlilov. Dörd baş ailəsiylə adi, xudmani bir mənzildə yaşayır. Maşını da yoxdur. İctimai nəqliyyatdan istifadə edir. Tələbələri kimi. Bəs Buludxana niyə paxıllıq edirəm? Çünki 33 yaşında elmlər doktoru, professor olub. Özü də Afad Qurbanov, Həsən Mirzəyev, Həsən Balıyev, Vilayət Əliyev, Nizami Xudiyev kimi nəhənglərin gözü görə-görə. Yox. Düz demədim. Müəllimlərinin, ustadlarının etimadını qazana-qazana, xeyir-duasını ala-ala...

Buludxan Xəlilovun əmək kitabçası da çox nazikdir. Nəinki bir varaq, cəmi bir səhifədən  ibarətdir. Və orda yalnız bir iş yeri var: Azərbaycan Dövlət Pedaqoji Universiteti. Və... laborantlıqdan dekanlığa qədər şərəfli həyat yolu, müəllim, alim ömrü. Yox, burda da yanlışlığa yol verdim, deyəsən. Buludxan müəllim deyil. O, pedaqoqdur. Müəllimlər yetişdirən müəllimdir. Müəllimlər müəllimidir.

İkinci paxıllığımın da səbəbini bildiniz. Ömrünü bir kollektivə bağlayan və orda inkişaf yolu keçərək “köhnələn” insanlara böyük ehtiramım var.

 

PARALELLƏR

 

Buludxan da 1966-cı ildə anadan olub, mən də... O da 1983-cü ildə filologiya fakültəsinə daxil olub, mən də... O da 1985-87-ci illərdə Sovet Ordusunda xidmət keçib, mən də... Ali məktəblərimiz fərqli olub. O, APİ-də təhsil alıb, mən ADU-da oxumuşam.  Riyaziyyat fənnindən xoşum gəlməsə də,  paralel gedən xətlərin heç vaxt kəsişmədiyini yaxşı bilirəm. Amma İbrahim adlı dostumuzun sayəsində günlərin bir günü bu xətlər kəsişdi. İbrahim körpü oldu. “Dostumun dostu mənim dostumdur” məsəli həyatımıza daxil oldu. Bu gün İbrahim Ömərov dünyada olmasa da, bu dostluq davam edir. Çünki bu adi, dəmir zəncir deyil. Mənəvi həlqələrdir.

 

SON VƏ BAŞLIQ

 

Belə... Gəlib çıxdıq yubiley yazımın sonuna. Sonda qayıdaq yazımın başlığına. Deyəsən orda qrammatik səhv tapmısınız, deyəsən. Mənə savadsız deyəniniz də olub yəqin. Yazımın başlığı isə belədir: “Buludxan Xəlilov 50 yaşına...” Səhv nədən ibarətdir?! Birincisi “Buludxan Xəlilov” yox “Buludxan Xəlilovun 50 yaşına”. Sondakı üç nöqtə də olmamalıdır. Bəlkə də düz deyirsiniz. Amma başlığı belə verməkdə məqsədim var. Nə məqsəd? Onda üç nöqtəmi davam etdirim və bu təbrik yazıma son qoyum: “Buludxan Xəlilov 50 yaşına...” qəşşəng bir tooğlu kəsdirsin. Qəşşəng bir süfrə açsın. Kim onu yada salıb təbrik etsə, ora dəvət etsin. Yeri çatmaz? Eybi yox. Ürəyi çox genişdir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34