Bu gün Qara dənizdə üzən "Röyad Məmmədov" yük gəmisinə Rusiya tərəfindən dron hücumu olub. Nəticədə gəmidə güclü yanğın baş verib.
Modern.az xəbər verir ki, Rumıniyanın Daxili İşlər Nazirliyi gəminin heyətinin xilasetmə əməliyyatının görüntülərini yayıb.
Məlumata görə, gəminin operatoru və texniki meneceri İstanbulda yerləşən “Spring Marine Denizcilik” şirkətidir. Gəmi Sent-Kits və Nevis bayrağı altında üzür.
Yanğın yerli vaxtla saat 11:00-da, Rumıniyanın Sfıntul-Georgedən təxminən 30 dəniz mili cənubda qeydə alınıb.
İlkin məlumata görə, gəminin iki heyət üzvü həlak olub, 11 nəfər isə xilas edilərək xəstəxanaya yerləşdirilib. Heyət üzvlərinin vətəndaşlığı hələ açıqlanmayıb.
Rumıniyanın “Radio Constanța” radiosunun məlumatına görə, quru yük gəmisi daha sonra batıb.
Mətbuatın yazdığına görə, taxıl daşıyan gəmi Ukraynanın İzmayıl limanından İtaliyanın Ravenna limanına doğru hərəkət edirmiş.
Məlumatlara görə, “Röyad Məmmədov” gəmisi Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali” şirkətinindir.
Şirkət 2022-ci ildə öz gəmilərindən birinə II Qarabağ müharibəsinin şəhidi Röyad Məmmədovun adını verib.
Şəhid Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. O, 2020-ci il noyabrın 8-də şəhid olub.
Röyad Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"Röyad Məmmədov" gəmisinin “Palmali” şirkəti tərəfindən icarə verildiyi bildirilir.