Son zamanlar Türkiyədə bir sıra dairələrin təsiri altında Azərbaycana qarşı qarayaxma kampaniyası yürüdülür. İki qardaş xalqın və dövlətin arasının pozulması üçün dəridən-qabıqdan çıxan bu qüvvələr sosial şəbəkədə yalan, həqiqəti təhrif edən, manipulyativ paylaşımlarla ictimai rəy formalaşdırmağa çalışırlar. Hər nə qədər Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz olsa da, bəzən məsələlərin əslindən xəbərsiz olan şəxsləri aldada bilirlər. Buna görə də, problemin qarşısının hüquqi müstəvidə alınması məsələsi önə çıxır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (Ak Partiya) olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri əbədidir, sarsılmazdır:
“Türkiyə-Azərbaycan münasibətləri əbədidir, sarsılmazdır. Sosial şəbəkələrdə açıq şəkildə qarayaxma kampaniyası aparan, iki qardaş xalq arasında süni gərginlik yaradan dairələrlə bağlı lazımi işlər görüləcək. Bu məsələ ilə bağlı Türkiyədən Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Durmaz, Azərbaycandan isə Hikmət Hacıyev məşğul olur. Onların təklifləri və tövsiyələri əsasında lazımi addımlar atılır. Heç kim bu məsələdən narahat olmasın".
Parlamentari qeyd edib ki, belə məsələlər zaman-zaman ortaya çıxır və müvəqqəti xarakter daşıyır.
"Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır, əbədidir. Bunu hər kəs belə bilsin!”
TBMM-nin Cümhuriyyət Xalq Partiyasından olan deputatı Eylem Ertuğrul isə qeyd edib ki, sarsılmaz qardaşlığın qorunması üçün hər iki tərəfin son dərəcə diqqətli davranması və ortaq iradə ilə hərəkət etməsi həyati əhəmiyyət daşıyır:
"Türkiyə ilə Azərbaycan arasında “Bir millət, iki dövlət” şüarına əsaslanan strateji tərəfdaşlıq hər iki ölkənin ən böyük diplomatik və mənəvi təminatıdır. Bu bağın qorunması və gələcək nəsillərə ötürülməsi təkcə dövlət rəhbərlərinin deyil, hər iki ölkənin media, siyasət və vətəndaş cəmiyyəti nümayəndələrinin də ortaq məsuliyyətidir. Türkiyədən Azərbaycanı, yaxud Azərbaycandan Türkiyəni hədəf alan manipulyativ və haqsız kampaniyalar hər iki ölkənin ortaq maraqlarına zərər vura bilər. Bu cür təşəbbüslərin qarşılıqlı şəkildə və vaxt itirmədən təsirsiz hala gətirilməsi vacibdir. Sosial media platformalarında nifaq toxumu səpməyə çalışan, ayrı-ayrı hadisələri və ya həssas mövzuları iki ölkə arasındakı münasibətlərə xələl gətirmək üçün vasitəyə çevirən qüvvələrə qarşı ayıq-sayıq olmaq lazımdır".
Deputat əlavə edib ki, nəticə etibarilə, “Bir millət, iki dövlət” formulu süni və bədxah kampaniyalardan təsirlənməyəcək qədər dərin köklərə malikdir:
"Lakin bu sarsılmaz qardaşlığın qorunması üçün hər iki tərəfin son dərəcə diqqətli davranması və ortaq iradə ilə hərəkət etməsi həyati əhəmiyyət daşıyır".
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, zaman-zaman bu cür halların yaşanması təbiidir və ayrı-ayrı qüvvələr vəziyyəti mürəkkəbləşdirməyə cəhd edirlər:
"Zaman-zaman bu cür məsələlər olur. Təbii ki, ayrı-ayrı qüvvələr də bu məsələni mürəkkəbləşdirməyə çalışırlar. Amma strateji hədəfləri eyni olan bir dövlətlərin arasına nifaq səpmək belə asan olmur. Çünki artıq elə bir mexanizm qurulub ki, burada təkcə Türkiyə-Azərbaycandan söhbət getmir, bütövlükdə Türk dövlətlərindən söhbət gedir. Aramızda olan inteqrasiyanın səviyyəsi kifayət qədər yüksəkdir və bu hədəflərdən də yayındırmaq mümkün deyil".
Komitə sədri vurğulayıb ki, tərəflər arasında fərqli baxışların olması təbii qarşılanmalıdır, lakin bu, müttəfiqlik münasibətlərinə xələl gətirməməlidir:
"Təbii ki, Türkiyə ilə Azərbaycanda məsələlərə fərqli baxışlar ola bilər. Ama bu heç bir halda bizim strateji müttəfiqliq münasibətlərimizə təsir göstərən səviyyədə olmamalıdır və biz hamılıqla buna çalışmalıyıq. İndi ayrı-ayrı şəxslərin bu istiqamətdə məqsədyönlü fəaliyyəti varsa, bunun hüquqi çərçivədə qiymətləndirilməsinə ehtiyac var".
O, sosial şəbəkələrdəki ifadə azadlığına toxunaraq, bu cür mənfi təsirlərin qarşısının maarifləndirmə və aktiv mövqe ilə alınmasının vacibliyini qeyd edib:
"Yoxsa hamının dilini, yaxud da hamının yazısını bloklaya bilməzsən ki, sosial şəbəkədə hər kəs fikrini söyləyir. Ama bu cür ünsürlərin fəaliyyətinin genişlənməməsi üçün Türkiyə-Azərbaycan dostluğuna önəm verən insanların məsələyə aktiv müdaxiləsi, fikir bildirməsi vacibdir. Məncə, bu, məsələnin həllinə öz təsirini daha aydın göstərə bilər".
Deputat Tənzilə Rüstəmxanlı vurğulayıb ki, əsas məsələ strateji məqamlarda bir-birinin milli maraqlarına qarşı mövqe tutmamaq, qarşılıqlı etimadı və həmrəyliyi qorumaqdır:
"Qarabağ Zəfərindən sonra isə Azərbaycan-Türkiyə münasibətləri yeni strateji mərhələyə yüksəldi. İki ölkənin beynəlxalq və regional məsələlərdə nümayiş etdirdiyi həmrəylik artıq təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün mühüm geosiyasi amilə çevrilib. Məhz bu gücün müəyyən dairələri narahat etməsi təəccüblü deyil. Eyni şəkildə Azərbaycanın daxili məsələlərinin Türkiyə ictimaiyyətində Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə qarşı kampaniya vasitəsinə çevrilməsi də qəbuledilməzdir. Tənqid etmək hər kəsin haqqıdır. Lakin faktları təhrif etmək, fikirləri kontekstdən çıxarmaq, dini və milli hissləri qızışdırmaqla iki qardaş cəmiyyəti qarşı-qarşıya gətirməyə çalışmaq yolverilməzdir. Azərbaycan da, Türkiyə də müstəqil dövlətdir. Hər iki dövlət öz milli maraqları əsasında xarici siyasət yürüdür. Qardaşlıq o demək deyil ki, iki dövlət hər bir məsələdə eyni üsulla hərəkət etməlidir. Əsas məsələ strateji məqamlarda bir-birinin milli maraqlarına qarşı mövqe tutmamaq, qarşılıqlı etimadı və həmrəyliyi qorumaqdır. Azərbaycan və Türkiyənin milli və strateji maraqları böyük ölçüdə bir-birini tamamlayır. Bu münasibət yalnız emosional “Bir millət, iki dövlət” ifadəsindən ibarət deyil. Onun arxasında tarixi yaddaşla yanaşı, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, ortaq diplomatik maraqlar və Türk dünyasının gələcəyi dayanır. Bu səbəbdən Azərbaycan və Türkiyə ziyalılarının, elm və mədəniyyət adamlarının, jurnalistlərinin və ictimai xadimlərinn üzərinə böyük məsuliyyət düşür".
O, əlavə edib ki, sosial medianın yaratdığı informasiya xaosunda susmaq hər zaman doğru seçim deyil:
"İki ölkə arasındakı münasibətlərə qarşı məqsədli dezinformasiya və təxribat xarakterli kampaniyalar aparıldıqda ziyalılarımız faktlara, tarixə və sağlam düşüncəyə söykənərək öz sözlərini deməlidirlər. Eyni zamanda qanunu pozan, nifrət və düşmənçilik yaradan fəaliyyətlərə qarşı hüquqi mexanizmlər də işləməlidir. Ancaq bütün bunları edərkən bir mühüm prinsipi unutmamalıyıq: ayrı-ayrı şəxslərin və qrupların mövqeyini bütöv Türkiyə və ya Azərbaycan cəmiyyətinin mövqeyi kimi təqdim etmək olmaz. Bir neçə radikal səs milyonlarla insanın qardaşlıq iradəsini ifadə etmir. Azərbaycanla Türkiyə arasında yüz ildən artıq müddətdə qurulmuş mənəvi körpülər bir neçə sosial media paylaşımı, təxribatçı çıxış və ya süni şəkildə yaradılmış qalmaqalla dağıdılacaq qədər zəif deyil. Bizim münasibətlərimiz Nuru Paşadan Qarabağ Zəfərinə, Azərbaycanın müstəqilliyindən Şuşa Bəyannaməsinə qədər uzun və şərəfli bir yol keçib. Bu yolun hər mərhələsində çətinliklər də, sınaqlar da olub. Lakin hər dəfə qardaşlıq həmin sınaqlardan daha güclü çıxıb. Azərbaycanı Türkiyəyə, Türkiyəni Azərbaycana qarşı qoymaq istəyənlərin dili ilə deyil, öz tariximizin, ortaq maraqlarımızın və qardaşlıq yaddaşımızın dili ilə danışmalıyıq. Çünki Azərbaycan-Türkiyə münasibətləri hansısa siyasi konyunkturanın yaratdığı müvəqqəti ittifaq deyil. Bu münasibətlərin arxasında xalqlarımızın iradəsi, ortaq tarixi yaddaş və gələcəyə dair ortaq baxış dayanır. Fitnələr gəlib keçəcək. Təxribatlar da olacaq. Amma yüz ildən artıqdır qurulan o ürək körpüləri qalacaq. Çünki Azərbaycanla Türkiyəni birləşdirən bağları siyasi kampaniyalar yaratmayıb ki, siyasi kampaniyalar da dağıda bilsin".
Deputat Fəzail İbrahimli söyləyib ki, Azərbaycanla Türkiyənin arasını pozmaq istəyən qüvvələr mövcuddur:
"Son zamanlar iki ölkə arasında münasibətlərin pozulmasına yönələn təxribatlar, qarayaxma kampaniyaları böyük qüvvələrin işidir. Azərbaycanın içində antitürk mövqeyi tutan xüsusi qüvvələr var. Rusiyaya işləyən hərbi qüvvələr, beşinci kolonı müdafiə edən qüvvələr mövcuddur. Ən əsası Azərbaycanda islam bayrağı altında kifayət qədər mürtəce ideyalarını yeridənlər var. Bunların məqsədi Azərbaycanla Türkiyə arasındakı münasibətləri gərginləşdirmək, güvən və güman yerimiz olan Türkiyə ilə aramızda düşmənçilik münasibəti yaratmaqdan ibarətdir. Türkiyənin içərisində vaxtı ikən soyadını dəyişib türk adını götürənlər, parlamentdə də oturanlar var. Onların genetik kodu ermənidir. Sadəcə olaraq türk adını daşıyırlar. İndi təsəvvür eləyin ki, küçələrə çıxıb Azərbaycana etiraz edənlərin genetik kodunu yoxlasan, onların içərisində antitürklər, erməni genetik kodu daşıyanalr var. Bir qrupu xaricdən aldığı vəsaitə görə iş görmək istəyinə düşür".
Parlamentarinin fikrincə, hər iki tərəf hüquqi müstəvidə bu məsələlərin qarşısını almalıdır:
"Bu proseslərin, kampaniyaların şaxələnməyinə imkan verilməməlidir. Demokratiya bayrağı altında mürtəce ideyalarını yeridib Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirən hər bir əl kəsilməli, hər bir söz dayandırılmalıdır. Mən qəti surətdə əminəm ki, Azərbaycan-Türkiyə münasibətləri özünün əvvəlki qaydasında da davam edəcək. Bu çör-çöplər, filanlar, o başını-gözünü yolanlar, timsah göz yaşı tökən müəyyən qüvvələrin arzusu ürəyində, istəkləri də gözündə qalacaq".
Beynəlxalq Jurnalistlər Şurasının sədri Mehmet Ali Dimin fikrincə, iki xalq arasında qəsdən nifaq salmağa çalışanlar cəzalandırılmalıdır:
"Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq ortaq tariximizin və ortaq gələcəyimizin ən güclü təminatlarından biridir. “Bir millət, iki dövlət” anlayışı üzərində yüksələn bu bağı sosial mediada yayılan təxribatlara və qəsdən həyata keçirilən dezinformasiya fəaliyyətlərinə qurban verə bilmərik. Mövqeyimiz aydındır: İstər Türkiyədə, istərsə də Azərbaycanda iki xalq arasında qəsdən nifaq salmağa, yalan və böhtanlarla düşmənçiliyi körükləməyə çalışan şəxslərlə bağlı zəruri hüquqi proseslər başladılmalı, cinayət törətdiyi məhkəmə qərarı ilə müəyyən edilən şəxslər cəzalandırılmalıdır. Heç kim qardaşlığımızı hədəf alan fəaliyyətlər həyata keçirərkən özünü qanundan üstün görə bilməz. Lakin bu mübarizədə legitim tənqid və ifadə azadlığı ilə cinayət xarakterli əməllər arasında ciddi şəkildə fərq qoyulmalıdır".
O, əlavə edib ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycan Milli Məclisi ilə birlikdə ortaq iradə nümayiş etdirərək bu məsələdə təşəbbüskar mövqe ortaya qoymalıdır:
"İki ölkənin aidiyyəti qurumları arasında dezinformasiya ilə mübarizə, məlumat mübadiləsi və hüquqi əməkdaşlıq gücləndirilməlidir. İctimaiyyətin doğru və vaxtında məlumatlandırılması da bu mübarizənin ayrılmaz hissəsidir. Beynəlxalq Jurnalistlər Şurası olaraq medianı və sosial media istifadəçilərini təsdiqlənməmiş iddiaları yaymaqdan çəkinməyə və təxribatlara qarşı məsuliyyətli davranmağa çağırırıq. Türkiyə-Azərbaycan qardaşlığını qorumaq hər birimizin ortaq məsuliyyətidir".
Modern Media Qrupun rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin təməli əsrlər öncəyə gedib çıxır:
"Bu münasibətlərdən söz açmağın özü də bir qədər artıqdır. Ona görə ki, Türkiyə və Azərbaycan qardaşdır. İki xalq bir yerdə doğulub, sanki onların doğuluşu da eynidir. Ona görə də bu münasibətlərdən danışanda bir ailənin iki üzvündən danışırıq. Düşünürəm ki, bir ailənin iki üzvü arasında nifaq salmaq, düşmənçilik toxumu səpmək istəyənlər yanlış yoldadırlar və buna yol vermək olmaz".

O qeyd edib ki, bu cür hallar iki ölkənin milli maraqlarına zidd olduğu üçün hüquqi çərçivədə addımlar atılmalıdır:
"Həm Azərbaycanda, həm də Türkiyədə bu məsələ ilə bağlı yeni qanun layihəsi hazırlanmalıdır. Bu qanun layihəsi hər iki parlamentdən keçməlidir. Əsas məsələ burada o olmalıdır ki, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirən qüvvələr, çıxışlar və paylaşımlar yasaqlansın. Çünki bu, birbaşa milli maraqlarımıza - "Bir millət, iki dövlət" olaraq hər iki ölkənin maraqlarına zidd addımdır və gələcəkdə daha pis tendensiyalara yol aça bilər. Fürsətçilər sanki həmişə pusquda durublar, əllərinə düşən istənilən imkandan sui-istifadə edirlər. Hətta düşünün ki, bir külək əsəcəksə, bu küləyi Azərbaycan–Türkiyə münasibətlərinə zərbə vurmağa yönəldəcəklər. Ona görə də mütləq bu məsələlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Hətta hesab edirəm ki, Azərbaycan-Türkiyə Parlamentlərarası Əlaqələr üzrə İş Qrupu toplanmalı, məsələ ciddi müzakirə olunmalı və bunun qarşısı tam alınmalıdır".
Eyni zamanda, bu məsələlərin tam araşdırılmasının, yoxlanılmasının və həmin qüvvələrin üzə çıxarılmasının vacibliyini vurğulayan E.Eyvazlı fürsətçilərə imkan verməməyə çağırıb:
"Azərbaycana da, Türkiyəyə də bunların kim olduğu barədə məlumat verilməlidir. İndiki həssas vaxtda onların qarşısı mütləq alınmalıdır. Türkiyədəki jurnalist dostlarla da bu məsələləri müzakirə etdik. Onlar da bildirirlər ki, bu məsələlər Azərbaycan-Türkiyə qardaşlığına qarşı yönəlib. Biz çox aktiv və ayıq-sayıq olmalıyıq, fürsətçilərə heç cür imkan verməməliyik. Dünyanın həssas bir dönəmdən keçdiyi indiki vaxtda qardaşlığımızı pozmaq istəyənlərə imkan vermək olmaz. Belə məsələlərin qarşısının alınmaması ciddi fəsadlara gətirib çıxaracaq. Odur ki, mən azərbaycanlıları, Türkiyədəki dostları və ümumiyyətlə hər kəsi bu məsələlərdə ehtiyatlı olmağa, soyuqqanlı yanaşmağa çağırıram. Düşünürəm ki, hər bir jurnalist, hər bir Azərbaycan və Türkiyə vətəndaşı qardaşlığa zərbə vuracaq məqamların yox edilməsi üçün əlindən gələni etməlidir. Bu, bizə yaşamağımız, gələcəyimiz, Türkiyə-Azərbaycan qardaşlığını qorumaq və gələcəyə daha güclü formada getmək, bizi istəməyən qüvvələrin arzularını gözlərində qoymaq, regionda bundan sonra daha böyük layihələrə imza atmaq üçün lazımdır".