Modern.az

Ramiz Mehdiyev Azərbaycan telekanallarını tənqid etdi

Ramiz Mehdiyev Azərbaycan telekanallarını tənqid etdi

Ölkə

2 Oktyabr 2009, 11:57
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət qəzeti “Azərbaycan”ın 2 oktyabr sayında “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqalə ilə çıxış edib.
R.Mehdiyev yazır ki, Azərbaycan Respublikası KİV-lərin kəmiyyətinə görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur: “Bu gün Azərbaycanda 4 minə yaxın KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçmiş və ya uçota götürülmüşdür. Ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir.
Müstəqillik dövründə Azərbaycanda teleradio yayımı böyük inkişaf yolu keçmiş, nəzərəçarpacaq uğurlar əldə etmişdir. Cəmiyyətdə liberal dəyərlərin, demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin fikir plüralizmi, söz və məlumat azadlığının güclənməsi media qurumlarının müstəqilliyini, sərbəst fəaliyyətini şərtləndirən mühüm amillər olmuşlar. Ölkəmizdə teleradio fəaliyyətinə dair qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi-normativ bazası qabaqcıl dünya və Avropa standartlarına uyğunlaşdırılmış, müasir şəraitə və bazar iqtisadiyyatının tələblərinə cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir”.
Administrasiya rəhbərinin fikrincə, KİV azadlığı fikir plüralizminin inkişafında, şəffaflığın təmin olunmasında mühüm şərt olsa da, onları müəyyən neqativ halların təsirindən sığortalaya bilmir: “Məhz bu səbəbdən istər inkişaf etmiş Qərb ölkələrində, istərsə də Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizminin formalaşması, elektron KİV sahəsində dövlətin tənzimləyici funksiyasının həyata keçirilməsi zərurətə çevrilmişdir. Son dövrlər Azərbaycanın televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqların artması bu məsələnin ictimai müzakirəyə çıxarılmasına, vəziyyətdən çıxış yollarının axtarılmasına, problemlərin aradan qaldırılması üçün əməli tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.
Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır”.
Akademik efir məkanında ayrı-ayrı müsbət nümunələr olduğunu vurğulayıb: “AzTV kanalında "Günün nəbzi", "Azərbaycan - yurdum mənim", "Ailə həkimi", "Məclisi-üns", İctimai televiziyada "Çarpaz baxış", "Gerçəyin özü", "Ortaq məxrəc", "İşgüzar zaman", "Körpü", "Din və cəmiyyət", "Ovqat" və digər verilişlər geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanır. Digər televiziya kanallarında da yüksək keyfiyyətinə, ictimai əhəmiyyətinə görə fərqlənən verilişlər hazırlanır. Göründüyü kimi, televiziya kanalları maraqlı, keyfiyyətli, peşəkar səviyyədə veriliş hazırlamaq potensialına malikdirlər. Lakin bu nümunələr heç də teleradio qurumlarının təqdim etdikləri bütün verilişlərə şamil edilə bilməz”.
R.Mehdiyev televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlara diqqət çəkib: “İctimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır. Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır?
Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. Son illər dünyada kinoindustriya, şou-biznesin güclü inkişafı telekanalların proqram siyasətinə ciddi təsir göstərir. Şou-biznes sahəsində çalışan şəxslər daha tez məşhurlaşırlar. Televiziya kanalları həmin təbəqəni cəlb etmək üçün ciddi rəqabət aparırlar. Bu, aktyor və müğənnilər, şou-biznes nümayəndələrinin də maraqlarına uyğundur, onların imiclərini yüksəltməyə, daha çox reklam olunmağa ehtiyacları var. Deməli, qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır.
Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Bu, Azərbaycan telekanallarında özünü qabarıq şəkildə büruzə verən problemlərdən biridir. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır.
Milli Televiziya və Radio Şurasının telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni ("Xeyir ola", "Çal-çağır şou", "Yağ kimi", "10-lar", "Perfomans", "106 house", "Tam sərbəst-solo", "ATV maqazin", "Kim kimdir", "Yeni ulduz" verilişləri), "Lider" telekanalı 16,4%-ni ("Maşın şou", "Qızıl pillə", "Kim, harada, necə", "Cavaba sual var", "Solo", "Dostum", "Ən" verilişləri), "Xəzər" telekanalı 12%-ni ("Nar star", "Ulduzlu xəzər", "Mix şou", "Ay Zaur" verilişləri), "ANS" telekanalı 11,3%-ni ("Günəbaxan", "Çərşənbə axşamları Tural ilə", "El bilir ki", "Toylar kraliçası" verilişləri), "Space" telekanalı isə 8%-ni ("Bazar", "Bazar+", "Komedi-şou", "Azəri star" verilişləri) şou-biznes verilişlərinə həsr edir. Göründüyü kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha çoxdur.
Bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir. Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.
Göründüyü kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişləri, məsələn, "Azəristar" müsabiqəsini "Yeni ulduz", "Xalq ulduzu", "Nar star", "De gəlsin", "Sözüm var" və digər variantlarda təkrarlamaqla televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər. Düzgün olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin gənclərin musiqi potensialının müəyyənləşdirilməsi məqsədindən daha çox, təşkilatçıların və televiziya kanallarının biznes maraqlarına xidmət etdiyi qənaəti formalaşmışdır.
Qeyd edilməlidir ki, yaradıcılıq potensialının aşağı olması, yeni ideyaların və onların həyata keçirilməsi imkanlarının məhdudluğu kifayət qədər maraqlı olmayan verilişlərin, filmlərin növbəti gün təkrarlanması yolu ilə efir vaxtının doldurulmasına gətirib çıxarır. Heç də gizli deyil ki, belə hallar özəl yayımçının keyfiyyətli efir siyasəti həyata keçirməsinə, reytinqini və populyarlığını artırmasına mənfi təsir göstərir”.
Administrasiya rəhbəri daha sonra yazır: “Bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır. Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına meyllənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır.
Belə problemlərin mənfi təsirinin azaldılması məqsədilə beynəlxalq praktikada ictimai və dövlət yayımçılarının xidmətlərindən istifadə olunur. Bu mənada Azərbaycanın dövlət büdcəsindən maliyyələşən kanallar öz fəaliyyətini reklam cəlbetmə istiqamətində yox, əhalini düşündürən, cəmiyyət üçün aktual olan mövzuların işıqlandırılmasına, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalqımızın adət-ənənələri, mənəvi dəyərlərimizin təbliğinə yönəltməlidirlər. Təəssüf ki, nəinki özəl kanallar, hətta dövlət büdcəsindən maliyyələşən televiziya kanalları bu sahədə potensiallarına uyğun fəaliyyət göstərmirlər. Təqdim olunan verilişlərin əksəriyyətində maarifləndirmə, jurnalist araşdırmaları, hazırlanan verilişlərin hamısı müasir tələblərə cavab vermir.
Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətlə yanaşma tələb edir. Məsələn, AzTV "Əsgər anı", İTV "Salam əsgər", ANS "Marş", "Lider" "Lider əsgər" kimi verilişlərlə milli vətənpərvərlik mövzusunu yalnız ordu haqqında verilişlərlə məhdudlaşdırırlar. Halbuki vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur.
Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, Vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər”.Akademikin fikrincə, televiziya kanallarında aparıcı problemi kəskindir: “Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi, nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların, əsasən də əyləncə xarakterli verilişlərin aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti, peşəkarlığı aşağı olan şəxslərdir. Bir sıra "aparıcıların" telejurnalistika sahəsində təcrübəsizliyi, qeyri-peşəkarlığı haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələlərdir.Xarici ölkələrin istehsal etdiyi filmlərin dublyajında problemlər qalmaqdadır. Məlum olduğu kimi, dublyajın keyfiyyəti peşəkar aktyorların, yaxşı nitq qabiliyyəti olan şəxslərin cəlb edilməsindən birbaşa asılıdır. Azərbaycanda hər televiziya kanalının öz dublyaj studiyası fəaliyyət göstərir. İstisna deyil ki, bu və ya digər səbəblərdən dublyaja peşəkarların cəlb edilməsi problemə çevrilir. Buna görə də, bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac yaranmışdır.Cəmiyyətin məlumatlandırılması, xəbər proqramlarının keyfiyyəti artırılmalıdır. Televiziya kanalları dünyanın ayrı-ayrı nöqtələrində baş vermiş hadisələr barədə əsasən xarici televiziya kanallarının və informasiya agentliklərinin xəbərlərini yayırlar. Bəzi televiziya kanallarının nəinki müxtəlif ölkələrdə, hətta Azərbaycanın bölgələrində belə müxbir məntəqələri yoxdur. Üstəlik, müasir texnikanın potensialından təyinatı üzrə istifadə məsələlərində də nöqsanlar müşahidə olunur. Məsələn, Səyyar Televiziya Stansiyaları təkcə konsertlərin canlı nümayiş etdirilməsi üçün istifadə edilməli deyil. Bu texnikadan xəbərlərin hazırlanması, hadisə yerlərindən birbaşa xəbər verilməsi üçün daha çox istifadə oluna bilər. Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması ciddi problem kimi qalmaqdadır. Digər bir problem telekanallarda qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz. Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir.Televiziya kanallarında müşahidə olunan neqativ hallar özünəməxsus formada radio kanallarında da təkrarlanır. Radio aparıcıları münasib hesab etdikləri, lakin cəmiyyət üçün əhəmiyyət kəsb etməyən, bir sıra hallarda isə etik normalardan kənar mövzularla bağlı saatlarla müzakirələr təşkil edirlər. Beləliklə, bu gün televiziya və radio kanallarının hazırladıqları verilişlər Azərbaycan tamaşaçısını qane etmir, onun istək və arzuları ilə uyğunlaşmır. Nəticə etibarilə tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə daha keyfiyyətli proqram siyasəti həyata keçirən, maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarına baxmağa üstünlük verir.Televiziya kanalları öz fəaliyyətlərində ciddi dönüş etməli və tamaşaçının, cəmiyyətin maraqlarına xidmət edən efir siyasəti həyata keçirməlidirlər. İlk növbədə televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, onların siması müəyyənləşməli, bir-birini təkrarlamaq meyillərindən imtina olunmalıdır. Məsələn, xəbərlərin, süjetlərin təqdimatında dünyada mövcud standartlar (BBC və CNN standartları əsas kimi götürülə bilər) öyrənilməli, proqressiv yeniliklər tətbiq olunmalıdır”.
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir