Modern.az

“AzTV istedadlı kadrlar axtarışındadır”

“AzTV istedadlı kadrlar axtarışındadır”

Ölkə

5 Oktyabr 2009, 17:07

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mətbuatda telekanallarla bağlı qeyd etdiyi tənqidi fikirlər ictimaiyyətin diqqətini yenidən efir məkanının problemlərinə yönəldib. Son bir neçə gündə teleməkanın vəziyyətinə dair müxtəlif müzakirələr aparılır, çeşidli fikirlər səsləndirilir. Bu arada mətbuata yerli telekanallarla bağlı həm də müxtəlif xəbərlər ötürülür. Modern.az-a da bu qəbildən olan məlumat daxil olub. Məlumat tənqid hədfinə çevrilən özəl teleşirkətlərlə deyil, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə əlaqədardır. Oktyabrın 5-də AzTV-nin “İdman-Azərbaycan” kanalından bir neçə əməkdaşının işdən xaric edilməsi barədə məlumat aldıq. Xəbərdə bildirilirdi ki, kanalın rəhbərliyi bir müddət öncə AzTV-dən işdən getmiş telejurnalist Elnur Əşrəfoğluna yaxın olan daha bir neçə gənc idman müxbirini işdən çıxarıb.

Məsələ ilə əlaqədar Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovaya müraciət etdik. X.Qasımova “İdman-Azərbaycan”ın rəhbərliyi ilə əlaqə saxladıqdan sonra saytımıza bildirdi ki, son bir neçə gündə adı çəkilən kanalın əməkdaşlarından heç kim işdən kənarlaşdırılmayıb. O, bu cür həqiqətə uyğun olmayan  məlumatların bir müddət öncə “İdman-Azərbaycan” kanalından işdən çıxmış sabiq əməkdaşlar tərəfindən yayıla biləcəyini istisna etməyib. AzTV də perspektivdə verilişlərilə bağlı müəyyən dəyişikliklər etməyi planlaşdırır: “Yaxın gələcəkdə Aztv-də yeni əyləncə proqramları və verilişlər yayımlanacaq”. Xatirə Qasımova teleşirkətin binasında aparılan təmir işləri başa çatdıqdan sonra proqramların keyfiyyətinin daha da yüksələcəyini bildirib: “Bizim kanalda xüsusi komissiya var ki, onun vəzifəsi veriliş yayımlanmazdan öncə onu nəzarətdən keçirmək, sonra efirə verməkdir. AzTV-də də əyləncə proqramları var. Amma bizdəki əyləncə proqramları tamaşaçıların marağına xidmət edir”. Mətbuat xidmətinin rəhbəri yaxın gələcəkdə yeni tok-şouların və keyfiyyətli verilişlərin açılacağını istisna etməyib.

Hazırda dövlət televiziyasında 500 nəfərdən çox işçinin çalışdığını deyən X.Qasımova bildirib ki, AzTV həmişə istedadlı kadrların axtarışındadır: “Savadlı və bacarıqlı kadrlar müraciət edəndə, onu müqavilə əsasında işə götürürük”.

Günay MUSAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...