Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Vəliəhd Rusiya tərəfinə Səudiyyə Ərəbistanının BRICS-ə qoşulmaq istəyinə ardıcıl dəstəyə görə minnətdarlığını bildirib. Rusiya prezidenti də öz növbəsində bu məsələ ilə bağlı Yohannesburqda keçirilən sammitdə qəbul edilən qərara görə Səudiyyə Ərəbistanı rəhbərliyini təbrik edib və Rusiyanın 2024-cü ildə BRICS-ə sədrliyinin prioritetləri barədə məlumat verib.
İki ölkə arasında OPEC+ formatında qarşılıqlı fəaliyyət yüksək qiymətləndirilib. Bildirilib ki, neft hasilatının azaldılması üzrə əldə edilmiş razılaşmalar, xammal tədarükünün məhdudlaşdırılması üzrə könüllü öhdəliklərlə birlikdə qlobal enerji bazarının sabitliyini təmin etməyə imkan verir.
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında çoxşaxəli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, ticarət-iqtisadi, nəqliyyat, logistika və investisiya sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə dair bir sıra aktual məsələlər nəzərdən keçirilib.