Ukraynada Prezident Ofisi rəhbərinin keçmiş müşaviri, hərbi-siyasi analitik Oleksiy Aretoviçə cinayət işi açılıb.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, bu barədə ondan şikayət yazan Ukrayna Ali Radasının deputatı İnna Sovsun məlumat verib.
Buna səbəb Aretoviçin sentyabrın 25-də yayılan çıxışının videosu olub. İddiaya görə, çıxışında Arestoviç “qadınları boğmaq lazımdır” deyib: "Qadınlar elə məxluqlardır ki, onlarla əvvəlcə cinsi əlaqədə olmaq, sonra incitmək və dayanmadan boğmaq istəyirsən".
Bundan əlavə, iddia edilir ki, o, "qadınlar kişiyə büt kimi baxmalıdırlar” söyləyib.
Deputat bildirib ki, o, polisdən ibtidai istintaqa başlanılması ilə bağlı məlumat alıb: "Bu o deməkdir ki, polis indi araşdırma aparmalıdır. Baş prokurordan da cavabım var ki, iş Kiyev Şəhər Prokurorluğuna verilib”.
Sentyabrın 28-də İnna Sovsun hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, Aretoviçin Ukrayna Cinayət Məcəlləsinin 300-cü maddəsi (zorakılıq və qəddarlığa, irqi, milli və ya dini dözümsüzlük və ayrı-seçkiliyə pərəstişkarlığı təbliğ edən əsərlərin yayılması) üzrə təqsirli olduğunu söyləyib.
Maddə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılmasını nəzərdə tutur. Kiyev polisi bu maddə ilə bağlı araşdırmaya başladığını bildirib.