Ukrayna prezidenti Volodimir Zelenski 147 fiziki və 303 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sanksiya siyahısına daxil edilənlər arasında "Yandex" şirkətinin korporativ inkişaf müşaviri Aleksey Kudrin və "Rusnano" şirkətinin keçmiş rəhbəri Anatoli Çubays da var.
Sanksiyaya məruz qalan şəxslər arasında Krasnoyarsk diyarının qubernatorunun oğlu Aleksandr Uss Artem, TASS-ın baş direktoru Andrey Kondraşov, Malayziya Hava Yollarına məxsus MH17 reysinin qəzaya uğramasında təqsirləndirilən Leonid Xarçenko və bir sıra hərbçilər yer alıb.
Rusiyalılarla yanaşı, Ukrayna, Rumıniya, Kipr, Böyük Britaniya, Özbəkistan, Lixtenşteyn, Avstriya, İsveçrə və Belarus vətəndaşları da sanksiyalara məruz qalıb. Hüquqi şəxslər arasında sanksiya siyahısına aviasiya, tikinti və texnologiya sahələrində fəaliyyət göstərən Rusiya, Kipr, Çin və BƏƏ-də qeydiyyatdan keçmiş şirkətlər var.