Modern.az

Kostanyan: Sərhədlərin açılmasına dünəndən hazırıq

Kostanyan: Sərhədlərin açılmasına dünəndən hazırıq

Dünya

Bu gün, 10:51

Ermənistan 33 ildən sonra Türkiyə ilə sərhədlərin açılmasına hazırdır.

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumunda türk mediasına verdiyi açıqlamada bildirib.

"Ermənistan buna bu gün, hətta dünən də hazır idi. Biz həm siyasi, həm də texniki cəhətdən hazırıq; sərhəddə lazımi infrastruktur işləri başa çatıb. Bu mərhələdə qərar Türkiyənindir", - deyə o bildirib.

Nazir müavini son illərdə iki ölkə arasında əlaqələrin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib və dialoqun artıq Xarici İşlər Nazirlikləri ilə məhdudlaşmadığını, liderlər səviyyəsinə qədər genişləndirildiyini əlavə edib. O, həmçinin müxtəlif nazirliklər arasında əlaqələrin başladığını və prosesin konstruktiv şəkildə irəliləyiş göstərdiyini qeyd edib.

Nazir müavini Ermənistan-Azərbaycan münasibətlərinə toxunaraq iki ölkə arasında sülhün bərqərar olduğunu və yeni dövrdə diqqətin iqtisadi əməkdaşlığın və ticarətin inkişafına yönəldiyini bildirib. Kostanyan əlavə edib ki, sərhədlərin demarkasiyası kimi texniki proseslər təbii şəkildə irəliləyir.

Hörmüz boğazındakı hadisələrin qlobal bazarlara təsirinə toxunan nazir müavini bu vəziyyətin dolayı yolla Ermənistan iqtisadiyyatına da təsir etdiyini bildirib. Hələ ciddi bir böhranın baş vermədiyini qeyd edən Kostanyan, vəziyyətin uzun müddət davam edəcəyi təqdirdə ölkənin artım göstəricilərinə və iqtisadi perspektivlərinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq etdi.

Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədləri Azərbaycana qarşı təcavüzkar siyasətə görə 1993-cü ildən bəri bağlıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV