Dünya aşıqları Dədə Şəmşirin işığına toplaşacaq
Yaxın zamanlarda Kəlbəcər rayonunda genişmiqyaslı aşıq festivalının keçirilməsi planlaşdırılır. Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın zəngin aşıq sənətinin təbliği və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil edilən tədbirə həm yerli, həm də xarici ölkələrdən tanınmış aşıqların qatılacağı gözlənilir.
Festival çərçivəsində müxtəlif musiqi proqramları, aşıq deyişmələri, saz ifaları və folklor nümunələri nümayiş etdiriləcək. Eyni zamanda, ziyarətçilər üçün qədim aşıq sənətinə dair sərgilər, ustad dərsləri və interaktiv təqdimatlar təşkil olunacaq.
Tədbirdə Azərbaycanın tanınmış aşıqları ilə yanaşı, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən gələcək sənətkarların iştirakı da nəzərdə tutulur. Festivalın əsas ideyası işğaldan azad edilmiş Kəlbəcərlə dünya aşıqlarını tanış etmək, aşıqların böyük aşıq ustadı Dədə Şəmşirin yaşayıb yaratdığı məkanı ziyarət etmələrinə şərait yaratmaq, eyni zamanda Dədə Şəmşir irsinin yaşadılması və onun sənət yolunun beynəlxalq müstəvidə tanıtmaqdır.
Belə tədbirlər aşıq sənətinin inkişafına, gənclərin milli musiqiyə marağının artırılmasına və mədəni irsin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, festivalın Kəlbəcərin turizm potensialının tanıdılmasında və bölgənin mədəni həyatının canlanmasında da əhəmiyyətli rol oynayacağı bildirilir.
Qeyd edək ki, aşıq sənəti Azərbaycanın qeyri-maddi mədəni irsinin mühüm hissələrindən biri hesab olunur və bu cür festivallar onun yaşadılması baxımından xüsusi önəm daşıyır.