"New York Post" qəzetinin redaksiya heyəti ABŞ-də İranla müharibə dövründə həyata keçirilmiş şübhəli maliyyə əməliyyatlarının araşdırılmasına çağırış edib.
Modern.az xəbər verir ki, qəzet yazır ki, “Epik qəzəb” adlı hərbi əməliyyat zamanı bəzi tranzaksiyaların məhz mühüm xəbərlərin açıqlanmasından əvvəl baş verməsi insayder məlumatlardan istifadə ehtimalını gücləndirir.
Məlumata görə, "The New York Times" nəşri 150-dən çox hesabın ABŞ-nin İrana “növbəti gün” zərbə endirəcəyinə dair əvvəlcədən mərc etdiyini üzə çıxarıb və bu mərclər ilk hücumlardan dərhal əvvəl edilib. Eyni zamanda martın 23-də ABŞ-nin İrana enerji obyektlərinə zərbə endirməyəcəyi ilə bağlı Donald Trampın açıqlamasından təxminən 15 dəqiqə əvvəl 600 milyon dollara yaxın neft fyuçers əməliyyatlarının aparıldığı bildirilir.
Bundan başqa, yanvar ayında yeni açılmış hesab vasitəsilə Nikolas Maduronun saxlanılacağına böyük məbləğdə mərc edildiyi və nəticədə yüz minlərlə dollar qazanc əldə olunduğu qeyd olunur. Qəzet vurğulayır ki, Tramp ilə əlaqəli "1789 Capital" şirkəti "Polymarket" platformasının iri investorlarından biridir və bu fakt siyasi müzakirələrə səbəb ola bilər.
Nəşr hesab edir ki, hakimiyyətə yaxın şəxslərin müharibədən qazanc əldə etməsi ehtimalı belə ictimai etimadı sarsıda bilər və buna görə də ABŞ prezidenti tərəfindən SEC və CFTC kimi qurumlara bu əməliyyatların araşdırılması tapşırılmalıdır.