ABŞ prezidenti Donald Tramp İranla atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Modern.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Bildirilib ki, bu qərar Pakistanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarını davam etdirmək üçün verilib.
Tramp bildirib ki, İran rəhbərliyi daxilində ciddi parçalanma var və vahid mövqe formalaşana qədər hücumları dayandırır. O, sosial şəbəkəsində İranla danışıqların nəticələri məlum olana qədər atəşkəs müddətini uzatdığını elan edib.
Bununla yanaşı, ABŞ İran limanlarına və sahillərinə tətbiq etdiyi dəniz blokadasını saxlayır. Tehran isə bunu faktiki müharibə aktı kimi qiymətləndirir.
"Dəniz blokadasının davam etdirilməsi düşmənçiliklərin davam etməsi deməkdir; İran dəniz blokadası davam etdiyi müddətcə ən azı Hörmüz boğazını açmayacaq və lazım gələrsə, blokadanı güc yolu ilə pozacaq", - deyə İran tərəfinin açıqlamasında bildirilib.
İran tərəfi, o cümlədən hərbi qurumlar, ölkəyə hər hansı hücuma sərt cavab verəcəklərini qeyd ediblər.
Digər tərəfdən, Pakistan baş naziri Şahbaz Şərif hər iki tərəfi atəşkəsə əməl etməyə çağırıb və danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başladığı müharibə fevralın 28-də başlayıb və minlərlə insanın ölümünə səbəb olub. Aprelin əvvəlində Pakistanın vasitəçiliyi ilə müvəqqəti atəşkəs əldə olunub. Müvəqqəti atəşkəsin müddəti aprelin 21-də bitmişdi.