İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Donanması Hörmüz boğazında hərəkət qaydalarını pozduqları və naviqasiya sistemlərinə müdaxilə etdikləri səbəbilə iki gəmini saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
SEPAH-a bağlı Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında naviqasiya təhlükəsizliyini riskə atdıqları səbəbilə iki gəmini İranın ərazi sularına aparıblar.
Verilən açıqlamada bildirilib ki, “MSC-FRANCESCA” adlı və İsraillə əlaqəli olduğu qeyd olunan gəmi ilə “EPAMINODES” adlı digər gəmi lazımi icazələri almadan hərəkət edib, naviqasiya sistemlərində manipulyasiya aparıb və təkrar pozuntulara yol verib.
İran rəsmiləri qeyd ediblər ki, sözügedən gəmilərin Hörmüz boğazından gizli şəkildə çıxmağa çalışdığı müəyyən olunub və İnqilab Keşikçiləri Donanmasının kəşfiyyat izləməsi nəticəsində gəmilər saxlanılıb.
Açıqlamada həmçinin bildirilib ki, gəmilər daşıdıqları yükün, sənəd və materialların yoxlanılması məqsədilə İran İslam Respublikasının ərazi sularına istiqamətləndirilib.
İnqilab Keşikçiləri Donanması vurğulayıb ki, Hörmüz boğazından keçidlərlə bağlı İranın müəyyən etdiyi qaydaları pozan və ya bu strateji su yolunda təhlükəsiz keçidi riskə atan hər cür cəhdə qarşı qəti və qanuni şəkildə müdaxilə ediləcək.