ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar artıq iki aya yaxındır davam edir və qanunvericiliyə əsasən prezident Konqresin razılığı olmadan müharibəni 60 gündən artıq davam etdirə bilməz.
Modern.az "The New York Times" istinadən xəbər verir ki, Trampın mayın 1-dən sonra qarşısında üç əsas seçim olacaq: hərbi əməliyyatların davamı üçün Konqresə müraciət etmək, əməliyyatları mərhələli şəkildə dayandırmaq və ya mövcud məhdudiyyətləri başqa yollarla aşmağa çalışmaq.
Bildirilir ki, ABŞ-ın İrana qarşı bombardmanları fevralın 28-də başlayıb. Tramp bu addımı ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarının qorunması və ölkənin həyati milli maraqlarının təmin edilməsi ilə izah edib.
Prezident həmçinin bu əməliyyatların regional müttəfiqlərin, o cümlədən İsrailin kollektiv müdafiəsinə xidmət etdiyini bildirib.
Qeyd olunur ki, Tramp Konqresi rəsmi şəkildə martın 2-də məlumatlandırıb və 60 günlük müddət məhz bu tarixdən hesablanır. Bu müddət mayın 1-də başa çatır və həmin vaxta qədər yekun qərarın verilməsi gözlənilir.