İran Hörmüz boğazından keçən gəmilərdən alınan haqlardan əldə edilən ilk gəlirin dövlət xəzinəsinə köçürüldüyünü açıqlayıb.
Modern.az xəbər verir ki, parlamentin Rəyasət Heyətinin üzvü Abbas Papizadə ISNA agentliyinə bildirib ki, Hörmüz boğazından keçən gəmilərdən alınan ödənişlər rəsmi olaraq İran Mərkəzi Bankına yatırılıb və oradan dövlət xəzinəsinə ötürülüb.
Papizadə qeyd edib ki, gəmilərdən alınan rüsumun məbləği gəminin növünə və daşıdığı yükün xüsusiyyətinə görə dəyişir. O əlavə edib ki, bu tətbiq su yollarındakı hərəkət (naviqasiya) şəraiti nəzərə alınaraq həyata keçirilir.
Parlamemngtin İqtisadiyyat Komissiyasının üzvü olan Papizadə bölgədəki dəniz marşrutları ilə bağlı belə məlumat verib: Oman tərəfdə sahillərin bir hissəsi dayaz olduğuna görə gəmi hərəkəti üçün uyğun deyil. Buna görə iki marşrut qalır. Bunlardan biri İran ilə Oman arasındakı orta xəttdir, lakin hazırda ciddi təhlükəsizlik problemlərinə görə keçid üçün uyğun sayılmır. İkinci marşrut isə İranın sahil sularına daxil olan və daha təhlükəsiz hesab edilən yoldur.
Papizadə həmçinin vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, sahilyanı dövlətlər öz ərazi sularına daxil olan gəmilərdən keçid haqqı tələb edə bilər.
Əldə olunan gəlirin istifadəsi ilə bağlı isə o bildirib ki, bu vəsaitlər dövlət gəliri kimi ümumi büdcəyə daxil edilir və onların necə xərclənəcəyinə daha sonra qərar veriləcək.