Bu gün Ukraynanın şimalında, Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyası-nda baş vermiş qəzanın 40-cı ildönümüdür.
Modern.az xəbər verir ki, XX əsrin ən böyük texnogen fəlakətlərindən biri kimi tarixə düşən bu hadisə atom elektrik stansiyasında təhlükəsizlik sınağı aparılarkən baş verib. Reaktorun gücünün yoxlanılması məqsədilə keçirilən test zamanı ciddi texniki səhvlərə yol verilib, eyni zamanda təhlükəsizlik sistemləri bilərəkdən deaktiv edilib. Bunun nəticəsində reaktor idarəetmədən çıxaraq partlayıb.
Stansiyanın dördüncü enerji blokunda baş verən partlayış ətraf mühitə böyük həcmdə radioaktiv maddələrin yayılmasına səbəb olub. Partlayışın gücü Xirosimaya atom bombası atılması zamanı istifadə edilən bombanın təxminən 500 qatına bərabər qiymətləndirilir. Fəlakətin ilk günlərində partlayış, yanğın və yüksək dozalarda radiasiya səbəbilə 50 nəfər həyatını itirib.
Sonrakı illərdə isə radiasiyanın təsiri nəticəsində ölənlərin dəqiq sayı məlum olmasa da, müxtəlif hesablamalara görə bu rəqəm 50 mindən 100 minə qədər dəyişir.
Qəza nəticəsində Ukrayna, Rusiya və Belarus ərazilərində 145 min kvadrat kilometrdən artıq sahə radioaktiv çirklənməyə məruz qalıb. Hadisədən dərhal sonra stansiyanın ətrafındakı 30 kilometrlik zonadan 115 mindən çox insan təxliyə edilib. Ümumilikdə isə 586 min nəfər bu fəlakətin təsirlərini yaşayıb. Onların 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini birbaşa Çernobıl bölgəsində yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış digər rayonlarının sakinləri olub.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında SSRİ-nin müxtəlif xalqları kimi azərbaycanlılar da fəal iştirak ediblər. Ümumilikdə 7 min azərbaycanlı bu prosesə cəlb olunub və onlardan 2 minə yaxını sonrakı illərdə müxtəlif xəstəliklər səbəbilə vəfat edib. Hadisədən sonra 2 mindən artıq azərbaycanlı uşaq müxtəlif sağlamlıq problemləri ilə dünyaya gəlib, bir çoxu isə doğuş zamanı həyatını itirib.
Çernobıl Atom Elektrik Stansiyası 2000-ci il dekabrın 15-də tam şəkildə fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edib. 2003-cü ilin dekabrında isə təşkilatın Baş Assambleyası bu qərarı təsdiqləyərək üzv dövlətləri həmin günü qeyd etməyə çağırıb.