"Azərbaycanla aramızda 12 km-lik delimitasiya və demarkasiya olunmuş sərhəd hissəsi var ki, orada xidmət Ermənistan Respublikasının Sərhəd Qoşunları tərəfindən həyata keçirilir. Bu, mühüm və istisna haldır".
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizəsi Günü münasibətilə təşkil olunmuş tədbirində bildirib.
“Bu 12 km-lik hissə, ehtimal ki, Ermənistan-Azərbaycan sərhədinin yeganə hissəsidir ki, burada hər iki ölkənin silahlı qüvvələrinin nümayəndələri dəbilqəsiz, zirehli jiletsiz xidmət edirlər və avtomatların daraqları avtomatların üzərində yox, çantalarda yerləşdirilib,” – deyə Paşinyan bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası davam etdiriləcək və məntiqi müddətlərdə başa çatdırılacaq.
“Gündəlikdə həmçinin Gürcüstanla sərhədimizin delimitasiyasının yekunlaşdırılması məsələsi də var və bu barədə gürcü tərəfdaşlarla artıq razılaşmalar əldə etmişik,” – deyə Paşinyan əlavə edib