Modern.az

Erməni diasporunun ideyası reallıqla uyğunlaşmır - Mirzoyan

Erməni diasporunun ideyası reallıqla uyğunlaşmır - Mirzoyan

Dünya

Bu gün, 14:44

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan diaspor və ölkə daxilində yaşayan ermənilərin baxışları arasında fərqlərin olduğunu bildirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mirzoyan bu barədə mayın 6-da “İrəvan dialoqu – 2026” beynəlxalq konfransında danışıb.

O qeyd edib ki, Ermənistanın böyük diasporu ölkə üçün mühüm resursdur, lakin onun mövqeyi həmişə Ermənistan vətəndaşlarının baxışları ilə üst-üstə düşmür:

“Bizdə böyük erməni diasporu var, bu dəyərli resursdur. Onlar bizim soydaşlarımızdır, lakin eyni zamanda başa düşməliyik ki, onlar müxtəlif ölkələrin vətəndaşlarıdır və onların baxışları digər ölkələrdəki soydaşlarının baxışları ilə eyni olmaya bilər. Məsələn, Böyük Britaniya, Avstraliya və ABŞ-də yaşayan ermənilərin maraqları Rusiyada yaşayan ermənilərin maraqları ilə üst-üstə düşməyə bilər. Daha vacibi odur ki, bu baxışlar Ermənistanda yaşayan vətəndaşların maraqları ilə də həmişə uyğun gəlmir”.

Mirzoyan xatırladıb ki, diasporun böyük hissəsi tarixi hadisələr nəticəsində ölkəni tərk etmiş şəxslərin nəslidir:

“Diasporun böyük hissəsi erməni soyqırımından sağ çıxanların nəslidir, onlar özlərinə sığınacaq tapmaq üçün müxtəlif ölkələrə köçmək məcburiyyətində qalıblar”.

Onun sözlərinə görə, diasporun bir hissəsi “tarixi Ermənistan” ideyasını yaşatsa da, bu, mövcud reallıqla uyğun gəlmir:

“Diasporun bir çoxu tarixi Ermənistanı görmək istəyir, amma bu artıq real Ermənistan deyil. Biz bu regionda konkret qonşularla yaşayırıq və onilliklər, hətta əsrlər boyu münaqişə vəziyyətində qalmaq istəmirik. Daha çox itkilər vermək, yeni nəsilləri müharibəyə aparmaq istəmirik”.

Nazir əlavə edib ki, Ermənistan cəmiyyəti artıq regionda sülh gündəliyini əsas prioritet kimi qəbul etməlidir:

“Biz Ermənistanda onilliklər boyu düşünürdük ki, böhranlardan qaça bilərik. Lakin böhranla üzləşdikdən sonra bunun çıxış yolu olmadığını anladıq. İndi biz sülhə və regionla açıq münasibətlərə doğru addım atmağa çalışırıq”.

Mirzoyan bildirib ki, qarşıdan gələn parlament seçkilərində əsas müzakirə mövzusu məhz sülh olacaq:

“Vətəndaşlar bizdən sülh tələb edir. Bu, xalqın bizə verdiyi mandatdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV