Pekindəki Xalq Nümayəndələri Sarayındə Rusiya–Çin birgə sənədlərinin rəsmi imzalanma mərasimi keçirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin, xüsusilə, iki ölkə arasında tərəfdaşlığın daha da gücləndirilməsi, mehriban qonşuluq, dostluq və əməkdaşlığın dərinləşdirilməsi barədə bəyanat imzalayıblar.
Vladimir Putin və Si Cinpin arasında Çində keçirilən səfər çərçivəsində əməkdaşlıq sənədləri ilə bağlı açıqlamalar verilib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, imzalanan sənəd proqram xarakteri daşıyır və orada Rusiya–Çin ikitərəfli münasibətlərinin inkişafının əsas istiqamətləri, eləcə də beynəlxalq gündəlik üzrə ümumi baxış müəyyən edilir.
Bundan əlavə, Vladimir Putin və Si Cinpin çoxqütblü dünya nizamının formalaşmasına dair bəyannamə də qəbul ediblər. Ümumilikdə, Rusiya nümayəndə heyətinin Çinə səfəri zamanı liderlərin iştirakı ilə 20 birgə sənəd imzalanıb.
Mərasim iki ölkə liderinin geniş tərkibdə aparılan danışıqlarından sonra baş tutub. Daha sonra Vladimir Putin və Si Cinpin birgə mətbuat konfransı keçiriblər.
Vladimir Putin Pekində rəsmi səfərdədir (19–20 may tarixlərində). Onunla birlikdə Çinə daha 39 nəfərlik nümayəndə heyəti gedib.
Nümayəndə heyətinə beş baş nazir müavini, səkkiz nazir, Prezident Administrasiyasının nümayəndələri və iri biznes təmsilçiləri daxildir.