Avropa İttifaqı (Aİ) Ermənistana güzəştli ticarət rejimi tətbiq etməyə hazırlaşır.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rusiya tərəfindən tətbiq edilən iqtisadi məhdudiyyətlər fonunda Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula von der Layen arasında telefon danışığı baş tutacaq. Danışıqlar zamanı Avropa İttifaqının İrəvana göstərəcəyi dəstək mexanizmləri müzakirə olunacaq.
Məlumata görə, Aİ Rusiyanın iqtisadi təzyiqləri qarşısında rəsmi İrəvana maliyyə yardımı ayırmağa və ticarət sahəsində xüsusi güzəştli şərtlər müəyyən etməyə hazırlaşır. Söhbət Avtonom Ticarət Tədbirlərindən (Autonomous Trade Measures – ATM) gedir. Bu mexanizm çərçivəsində Ermənistan istehsalı olan müəyyən növ malların Avropa bazarına rüsumsuz və kvotasız daxil olmasına şərait yaradılacaq.
Qeyd edək ki, Avropa İttifaqı bu iqtisadi alətdən adətən böhran vəziyyətlərində tərəfdaş ölkələrin iqtisadiyyatını sabitləşdirmək, onlara dəstək nümayiş etdirmək və Avropa bazarına inteqrasiyasını sürətləndirmək məqsədilə istifadə edir.
Töhfə Səməd