Hindistan son bir ildə nüvə başlıqlarının sayını artırıb.
Modern.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2026-cı il üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, Hindistanın nüvə başlıqlarının sayı 2025-ci ildəki 180-dən 2026-cı ildə 190-a yüksəlib. Bildirilir ki, ölkə nüvə qüvvələrinin modernləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
SIPRI-nin məlumatına görə, Hindistan mənbələri ən azı 12 aktiv nüvə başlığının mümkün nüvə hücumuna cavab vermək məqsədilə operativ hazırlıq vəziyyətində saxlanıldığını iddia edir.
Hesabatda Pakistanın da nüvə proqramına xüsusi diqqət ayrılıb. Qeyd olunur ki, İslamabad mövcud nüvə daşıyıcı sistemlərini təkmilləşdirir, eyni zamanda yeni nüvə daşıyıcı vasitələrinin hazırlanması və sınaqlarını həyata keçirir.
SIPRI ekspertləri hesab edirlər ki, növbəti onillikdə Pakistanın nüvə potensialı və nüvə başlıqlarının sayı əhəmiyyətli dərəcədə artacaq. Bu proqnozun Pakistan Hərbi Dəniz Qüvvələri üçün ballistik raket daşıyan sualtı qayıqların inşası proqramı ilə əlaqəli olduğu bildirilir.
Hesabatda dünyanın əsas nüvə dövlətlərinin arsenalına dair yenilənmiş rəqəmlər də açıqlanıb. Məlumata görə, 2026-cı ildə Rusiyanın 5 420, ABŞ-ın isə 5 042 nüvə başlığı var. Çin 620 nüvə başlığı ilə artım nümayiş etdirib. Fransa 370, Böyük Britaniya 225, Pakistan 170, İsrail 90, Şimali Koreya isə təxminən 60 nüvə başlığına malikdir.
SIPRI-nin hesablamalarına əsasən, dünyada ümumi nüvə başlıqlarının sayı 2025-ci ildəki 12 241-dən 2026-cı ildə 12 187-yə düşsə də, aparıcı dövlətlər nüvə qüvvələrinin modernləşdirilməsini davam etdirirlər.