ABŞ, İsrail və İran arasında davam edən qarşıdurmanın başlanğıcından bəri Donald Tramp Tehranla tezliklə razılıq əldə olunacağı barədə 37 dəfə bəyanat verib.
Modern.az xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti bu iddiaları aprelin 8-də elan olunan atəşkəsdən hələ xeyli əvvəl dilə gətirməyə başlayıb. Tramp sülh danışıqlarının getdiyini ilk dəfə martın 23-də müharibənin başlamasından heç bir ay keçməmiş jurnalistlərə açıqlayıb. Lakin həmin vaxt rəsmi Tehran Vaşinqtonla hər hansı danışıqların aparıldığını qəti təkzib edib.
O vaxtdan bəri ABŞ lideri İranın rəsmi saziş imzalamaq üçün çarəsiz olduğunu mütəmadi təkrarlayır. Aprelin 17-də isə Tramp tərəflərin yaxın bir-iki günə ortaq məxrəcə gələcəyini və İranın hər şeylə razılaşdığını iddia edib.
O, sonuncu dəfə bu gün, yəni iyunun 9-da etdiyi ictimai çıxışında növbəti iki həftə ərzində sazişin imzalanacağını bildirib. Trampın iddiasına görə, rəsmi Tehran nüvə proqramından imtina daxil, hər bir güzəştə hazırdır.
Telekanal qeyd edir ki, Trampın tezliklə razılıq əldə olunacağına dair ardıcıl bəyanatları, qlobal maliyyə və enerji bazarlarını sakitləşdirmək məqsədi daşıya bilər.
Töhfə Səməd