Bir müddət öncə Ermənistanın Baş naziri Nikol Paşinyandan ayrılan sabiq birinci xanım Anna Akopyan yenidən gündəmə gəlib.
Modern.az xəbər verir ki, Ermənistanın bəzi saytları və sosial şəbəkələri Anna Akopyan və onun rəhbərlik etdiyi “Mənim addımım” fondu haqqında videomateriallar yayıb.
Videoların birində iddia olunur ki, guya Türkiyə rəhbərliyi Anna Akopyanın icraçı direktoru olduğu “Mənim addımım” fonduna milyonlarla dollar vəsait köçürür.
Digər bir videoda isə bildirilir ki, Anna Akopyan korrupsiya izlərinin olması və reytinqə mənfi təsir göstərməsi səbəbindən siyasi proseslərdən uzaqlaşdırılıb.
Üçüncü videoda isə iddia edilir ki, Anna Akopyan xəstə uşaqlar üçün nəzərdə tutulmuş milyonlarla dolları mənimsəyib və buna görə də “saxta boşanma yolu ilə” ictimai həyatdan yoxa çıxıb.
Anna Akopyan və “Mənim addımım” Fondu yayılan xəbərləri tamamilə yalan, əsassız və böhtan xarakterli iddialar adlandırıb.
“Aydındır ki, bu hekayələrin müəllifləri eyni məqsədə xidmət edirlər: heç bir fakt, sübut və əsaslandırma olmadan dezinformasiya yayır, Anna Akopyan haqqında böhtan xarakterli yalanlar uydururlar.
“Mənim Addımım” Fondunun maliyyə fəaliyyəti Ermənistan qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilir, ianələr və proqramlar barədə məlumatlar isə qanunla müəyyən edilmiş qaydada dərc olunur.
Xahiş edirik, yalnız etibarlı mənbələrdə yer alan rəsmi açıqlamalara əsaslanın və bu cür böhtan xarakterli yalanları yaymayın”, - deyə “Mənim addımım” Fondunun açıqlamasında bildirilib.
Paşinyan tərəfdarları isə sosial şəbəkələrdə qeyd ediblər ki, bu materiallar hakim “Vətəndaş müqaviləsi” partiyasının parlament seçkisindəki qələbəsinə kölgə salmaq niyyəti güdür. Paşinyanın qələbəsini həzm edə bilməyənlər ondan bu yola qisas almağa çalışrılar.
Yeri gəlmişən, parlament seçkilərində Baş nazir Nikol Paşinyanın qələbəsi rəsmiləşdikdən sonra Anna Akopyan sosial şəbəkədə maraqlı paylaşım edib. "İrəvan Şərab Günləri" başlığı ilə fotosunu yayımlayan A.Akopyan qısa müddətdə sosial şəbəkələrin Ermənistan seqmentində geniş müzakirələrə səbəb olub. Bu paylaşım Paşinyanın qələbəsinə eyham kimi qiymətləndirilib.
Xatırladaq ki, Anna Akopyan Paşinyandan ayrılsa da, parlament seçkilərində Baş naziri dəstəkləyən addımlar atmışdı.
Bu ilin 27 fevralında Akopyan Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. Eyni zamanda "Mənim addımım" fondunun icraçı direktoru vəzifəsində qalacağını açıqlamışdı.
A.Qorxmaz