ABŞ-ın İranın cənubundakı Hörmüzqan əyalətində su təchizatı və kanalizasiya sistemlərinə endirdiyi zərbələrdən sonra bölgədə içməli su qıtlığı yaranıb.
Modern.az-ın məlumatına görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, əyalətin su və kanalizasiya şəbəkəsinə rəhbərlik edən vəzifəli şəxs bildirib:
“Amerikalı düşmənin hücumları nəticəsində içməli suyun paylanması üçün nəzərdə tutulmuş infrastruktur obyektləri dağıdılıb. O cümlədən, 500 və 2000 kubmetr tutumlu iki beton su anbarı və onlara aid mexaniki avadanlıqlar məhv edilib”.
Əhalisi təxminən 20 min nəfər olan Bamani bölgəsində də su təchizatında fasilələr qeydə alınıb. Agentliyin qiymətləndirməsinə görə, dəymiş zərərin məbləği təxminən 1 milyon ABŞ dollarıdır.
Məlumatda qeyd olunur:
“Hazırda həmin ərazilərin sakinlərinə su verilişi dayandırılıb və əhalinin su ilə təmin olunması üçün alternativ tədbirlər müzakirə edilir”.
İranın dövlət televiziya və radio şirkəti ABŞ-ın Hörmüzqan əyalətində iki su anbarına zərbələr endirdiyini bildirib.
Məlumata görə, ABŞ hərbçiləri Amerika məxsus AH-64 Apache helikopterinin vurulmasına cavab olaraq İrandakı hədəflərə hücum ediblər.
Xəbərdə qeyd olunur ki, İran da buna cavab olaraq bölgədəki Amerika hədəflərinə zərbələr endirib.