ABŞ-ın vitse-prezidenti Cey Di Vensin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə planlaşdırılan səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqədar ola bilər.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” portalı və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid məlumat yayıb.
Bildirilib ki, Vensin nümayəndəsi vitse-prezidentin yaxın günlərdə İsveçrəyə səfər etməyi planlaşdırmadığını açıqlayıb. Səfər çərçivəsində ABŞ və İran arasında anlaşma memorandumunun imzalanması, həmçinin texniki danışıqların başlanması nəzərdə tutulurdu.
Barak Ravid ABŞ rəsmisinə istinadən yazır ki, gecikmənin mümkün səbəblərindən biri İranın Livandakı vəziyyətlə bağlı irəli sürdüyü şərtlərdir.
Məlumata görə, Tehran İsrailin Livana qarşı hər hansı yeni hərbi əməliyyatını Vaşinqtonla əldə olunmuş memorandumun pozulması kimi qiymətləndirəcəyini ABŞ tərəfinə çatdırıb.
Qeyd edək ki, Cey Di Vens bundan əvvəl memorandumun imzalanmasının bu həftəsonu baş tuta biləcəyini desə də, prosesin əsasən İranın qərarından asılı olduğunu vurğulamışdı.