Livan Səhiyyə Nazirliyi martın 2-dən iyunun 21-dək davam edən hərbi eskalasiya dövründə həlak olan və yaralanan vətəndaşların yekun statistikasını açıqlayıb.
Modern.az xəbər verir ki, nazirliyin X sosial şəbəkəsində yayımladığı məlumata görə, hərbi qarşıdurmaların başlanmasından bəri həlak olan livanlıların sayı 4 106 nəfərə, yaralananların sayı isə 12 153 nəfərə çatıb.
Məlumatda bildirilir ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı Nəbatiyyə bölgəsində “Hizbullah”ın mövqelərinə endirdiyi zərbələr nəticəsində son sutka ərzində 49 nəfər həlak olub, daha 32 nəfər yaralanıb.
Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, İsrail aviasiyası bazar günü əsas zərbələri şiə döyüşçülərinin müdafiə olunduğu Əli-Tahir yüksəkliklərinə yönəldib.
Həmçinin Nəbatiyyə yaxınlığındakı Kfar-Tibnit şəhərinə və Nəbatiyyə əl-Fauqa qəsəbəsinə pilotsuz uçuş aparatları ilə hücumlar edildiyi barədə məlumat daxil olub. Nəticədə yaralananların olduğu bildirilir, lakin onların dəqiq sayı hələ dəqiqləşdirilir.