ABŞ və Cənubi Koreyanın fond bazarlarında texnologiya sektorunda eniş müşahidə olunur. Xüsusilə süni intellekt və yarımkeçirici çip istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərin səhmləri son günlər ciddi dəyər itirib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, iyunun 23-dən etibarən süni intellekt texnologiyalarının hazırlanması və bu sahənin infrastrukturunun qurulması ilə məşğul olan iri şirkətlərin səhmləri ucuzlaşmağa başlayıb.
Ekspertlər bazarda yaranan mənfi tendensiyanın konkret bir səbəblə bağlı olmadığını bildirsələr də, investorların süni intellekt sektorunun gələcək inkişaf perspektivləri və bu sahədən əldə olunacaq gəlirlərlə bağlı şübhələrinin artdığını qeyd edirlər.
Məlumata görə, şirkət rəhbərləri də süni intellekt həllərinin gündəlik iş proseslərində effektivliyini yenidən qiymətləndirməyə başlayıblar. Bu səbəbdən bəzi müəssisələr daha əvvəl süni intellektə üstünlük verərək ixtisar etdikləri əməkdaşları yenidən işə qaytarırlar.
Mütəxəssislərin fikrincə, hazırda yaşanan proses süni intellekt sektorunda formalaşan yüksək gözləntilərin real nəticələrlə nə dərəcədə üst-üstə düşdüyünü müəyyən edəcək.