Banqladeşin cənub-şərq bölgələrində bir neçə gündür davam edən güclü musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 44 nəfər ölüb, bir milyondan artıq insan isə yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Banqladeşin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Çittaqonq, Koks-Bazar, Bandarban, Ranqamati, Xaqraçxari, Mulvibazar və Habiqanc dairələrini əhatə edən daşqınlar bölgədə normal həyatın iflic olmasına, minlərlə ailənin xarici aləmdən təcrid olunmasına və 267 min 918 təsərrüfatın evsiz qalmasına səbəb olub.
Məlumatda vurğulanır ki, sel sularının yuyub apardığı yollar və zədələnmiş körpülər humanitar yardım qruplarının ən çox zərər görmüş ərazilərə çatmasını çətinləşdirir. Yardım əməliyyatları genişləndirildiyi bir vaxtda quru qoşunları və hərbi dəniz qüvvələrinin şəxsi heyəti qayıqlarla təcrid olunmuş yaşayış məntəqələrinə ərzaq, içməli su, dərman preparatları və digər zəruri ləvazimatlar çatdırır.
Bundan əlavə, həftənin əvvəlində yağan intensiv yağışlar Koks-Bazardakı rohinca qaçqın düşərgələrində də torpaq sürüşmələrinə səbəb olub. Nəticədə qadın və uşaqlar da daxil olmaqla 16 qaçqın həyatını itirib.