Modern.az

Rusiyalı milyarderlər təşvişdə - sərvətlərini xaricə daşıyırlar

Rusiyalı milyarderlər təşvişdə - sərvətlərini xaricə daşıyırlar

Dünya

Bu gün, 17:26

Rusiyanın ən varlı biznesmenlərindən bir neçəsi ölkə iqtisadiyyatının və dövlət büdcəsinin vəziyyəti ilə bağlı artan narahatlıqlar fonunda son bir ildə ölkədən on milyardlarla dollar çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadən yazıb.

Məlumata görə, həmin biznesmenlər arasında Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxslər də var. Onlar həmçinin aktivlərinin, məsələn, “Domodedovo” hava limanının keçmiş sahibi Dmitri Kamensçikin başına gəldiyi kimi, müsadirə edilə biləcəyindən ehtiyat edirlər.

Bundan başqa, biznes nümayəndələri dövlətin müharibəni maliyyələşdirmək üçün onların üzərində təzyiqi artıracağından narahatdırlar. Bloomberg xatırladır ki, mart ayında Putinlə keçirilən görüşdə Rusiyanın ən iri biznesmenlərinə müharibəyə vəsait ayırmaq təklif olunub. Kreml isə biznesmenlərdən pul istənilmədiyini, onların belə bir təşəbbüslə özlərinin çıxış etdiyini bildirib.

Nəşrin məlumatlı mənbələrinin sözlərinə görə, Rusiyanın ən varlı biznesmenləri son bir ildə investisiya portfellərini yenidən nəzərdən keçirərək kriptovalyutaya, qızıla və xaricdə daşınmaz əmlaka yatırımları artırıblar.

Bloomberg qeyd edir ki, qeyri-rəsmi kapital axınının, xüsusilə kriptovalyuta əməliyyatları vasitəsilə ölkədən çıxarılan vəsaitin dəqiq həcmini müəyyənləşdirmək çətindir.

Lakin bir neçə ən varlı rusiyalı biznesmenin investisiya qərarları ilə tanış olan iki mənbənin sözlərinə görə, söhbət on milyardlarla dollardan gedir. Onlar bildiriblər ki, kapital axını əvvəlki illə müqayisədə artıb.

Nəşr yazır ki, aktivlərini Kremlin nəzarətindən kənara çıxarmağa çalışan rusiyalı biznesmenlər Ukraynaya qarşı müharibəyə görə Rusiyaya tətbiq edilən Qərb sanksiyalarını da nəzərə almağa məcburdurlar.

Bloomberg bu kontekstdə Moldovadan qaçan biznesmen İlan Şor və Rusiyanın dövlətə məxsus PSB bankının (keçmiş Promsvyazbank) sahibi olduğu “A7” şirkətini nümunə göstərir.

“A7” şirkəti rubla bağlı A7A5 kriptovalyutasından istifadə etməklə transsərhəd ödənişlər həyata keçirir.

PSB bankının məlumatına görə, 2025-ci ilin ilk yarısında “A7” vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 7,5 trilyon rublu keçib. Bu məbləğ təxminən 98 milyard dollara bərabərdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi