Rusiyanın neft şirkətləri Ukraynanın PUA hücumları nəticəsində neft emalı güclərinin təxminən 40 faizini itirdikdən sonra Hindistan neft emalı zavodlarından Rusiyaya benzin tədarükünü artırmağı xahiş edib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Hindistandan Rusiyaya ən azı bir partiya benzin artıq yola salınıb və bundan sonra da əlavə tədarüklər gözlənilir. Lakin Rusiya neft şirkətləri emal güclərinin əhəmiyyətli hissəsini itirdikləri üçün Hindistandan daha çox yanacaq istəyirlər.
Mənbələrin sözlərinə görə, Hindistandakı həm özəl, həm də dövlətə məxsus neft emalı zavodlarına müraciət edən şirkətlər arasında “Rosneft” və “Qazprom Neft” də var.
“Rosneft” iyul ayında PUA hücumlarından sonra fəaliyyətini dayandıran Sızran və Saratov neft emalı zavodlarını itirib. “Qazprom Neft” isə iyunda Moskva neft emalı zavodunun fəaliyyətini dayandırıb. Bundan başqa, şirkət Rusiyanın ən böyük neft emalı müəssisəsi olan və uzun müddət Ukrayna PUA-larının hücumlarından kənarda qalan Omsk neft emalı zavodunun fəaliyyətini də dayandırmağa məcbur olub.
Mənbələr bildiriblər ki, Hindistanın neft emalı zavodları ixrac üçün əlavə həcmə malik olmadıqlarını deyiblər. Buna baxmayaraq, Reuters əlavə benzin tədarükünün vasitəçilər üzərindən mümkün olduğunu yazır. Bu zaman yanacağın dənizdə bir tankerdən digərinə boşaldılması nəzərdə tutulur.
Mənbələrin sözlərinə görə, Rusiya Hindistandan dizel yanacağı da istəyə bilər.
Məlumata görə, Rusiyada dizel istehsalı məhsul yığımı kampaniyasının qızğın vaxtında 40 faiz azalıb. Bu səbəbdən hakimiyyət mövcud yanacaq həcmlərini mağazaların məhsullarla təminatını qorumaq üçün əl ilə bölüşdürməyə məcbur olub.
Mənbələr hazırda Rusiyada daxili dizel istehsalının tələbatı ödədiyini bildirirlər. Lakin Ukraynanın yeni hücumları neft emalı güclərinin daha böyük hissəsini sıradan çıxara bilər.
Reutersin mənbələrinin sözlərinə görə, neft emalı müəssisələrinin fəaliyyətini qısa müddətdə bərpa etmək mümkün deyil. İstehsalın yenidən bərpa olunması üçün ən azı iki ay vaxt tələb olunur və bu, yalnız yeni hücumların baş verməyəcəyi halda mümkündür.
EA Analytics-in hesablamalarına görə, Rusiyada neft emalının həcmi iyul ayında 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşərək sutkada 3,91 milyon barrel təşkil edib.
Bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 27 faiz, müharibədən əvvəlki 2021-ci ilin eyni ayı ilə müqayisədə isə 30 faiz azdır.
“Energy Intelligence” analitikləri isə Rusiyada hazırkı neft emalı həcmini daha aşağı – sutkada 3,58 milyon barrel səviyyəsində qiymətləndirirlər. Bu, ən azı 2002-ci ildən bəri ən aşağı göstərici ola bilər.
Hazırda Rusiyada sutkada 3,1 milyon barrel neft emalı gücünün fəaliyyətsiz olduğu bildirilir.
“Energy Intelligence”in qiymətləndirməsinə görə, Rusiyada neft məhsulları çatışmazlığı ayda 400-600 min tona çatır. Analitiklər əlavə edirlər ki, Belarus və Qazaxıstandan tədarüklər bu kəsirin yalnız yarısını qarşılaya bilər.