Serbiyada Dunay çayının suyunun çəkilməsi nəticəsində alman hərbi gəmisinin qalıqları üzə çıxıb.
Modern.az xəbər verir ki, İkinci Dünya müharibəsindən qalma gəmi Praxovo (Prahovo) kəndi yaxınlığında görünüb.
Gəminin 1944-cü ildə alman qoşunları tərəfindən geri çəkilərkən özləri tərəfindən batırıldığı hesab edilir.
Məlumata görə, söhbət nasist Almaniyasının Qara dəniz donanmasına məxsus gəmilərdən birindən gedir. Həmin dövrdə alman qüvvələri gəmilərin Sovet Ordusunun əlinə keçməsinin qarşısını almaq üçün onları Dunayda qəsdən batırmışdı.
Ekspertlərin hesablamalarına görə, Praxovo yaxınlığında çayın dibində hələ də təxminən 200 batmış gəmi qalır. Onların bir qismində sursatın da olduğu ehtimal edilir ki, bu da həm bərpa işlərini, həm də gəmiçiliyi çətinləşdirir. Avropa İttifaqının dəstəyi ilə bu qalıqların bir hissəsinin çıxarılması layihəsi həyata keçirilir.