Avropanın böyük hissəsində uzun sürən isti hava dalğasının səbəb olduğu quraqlıq Dunay çayında su səviyyəsinin kəskin azalmasına gətirib çıxarıb.
Modern.az xəbər verir ki, bu vəziyyət Macarıstan, Serbiya və Rumıniyada fəaliyyət göstərən iri elektrik stansiyalarının işinə ciddi təsir göstərib.
Macarıstanın Baş naziri Peter Madyar bildirib ki, soyutma üçün kifayət qədər suyun olmaması səbəbindən ölkənin elektrik enerjisinin təxminən yarısını istehsal edən "Pakş" Atom Elektrik Stansiyasının bütün reaktorları bazar ertəsindən etibarən dayandırılacaq.
Onun sözlərinə görə, stansiya hazırda cəmi 10 faiz gücü ilə fəaliyyət göstərir. Baş nazir qeyd edib ki, 44 illik istismar tarixində ilk dəfə olaraq AES-in bütün reaktorlarının eyni vaxtda fəaliyyəti dayandırılır.
Peter Madyar vurğulayıb ki, bu qərar Macarıstanın elektrik şəbəkəsinə yükü əhəmiyyətli dərəcədə artıracaq və ölkədə elektrik enerjisi istehlakına müəyyən məhdudiyyətlərin tətbiqini zəruri edəcək.
Qonşu Rumıniyada isə vəziyyəti sabitləşdirmək üçün ordunun nəzarəti altında partlayışlar həyata keçirilib. Məqsəd kanaldan suyun "Çernavodə" Atom Elektrik Stansiyasına yönəldilməsi olub. Rumıniya üzrə elektrik enerjisinin təxminən 20 faizini təmin edən bu stansiyanın iki reaktorundan biri artıq dayandırılıb.
Məlumata görə, su çatışmazlığı davam edəcəyi təqdirdə ikinci reaktorun da fəaliyyətinin dayandırılması riski yaranıb.