Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlamasından sonra ölkənin yüksək rütbəli hərbçiləri təkcə ön cəbhədə deyil, arxada da silahlı hücum və partlayışların hədəfinə çevriliblər.
Modern.az xəbər verir ki, bu barədə Meduza nəşri araşdırma dərc edib.
Nəşrin hesablamalarına görə, son 2 il ərzində Moskva və Moskva vilayətində baş verən partlayışlar nəticəsində azı 3 rus generalı həlak olub, daha 1 general isə silahlı hücuma məruz qalsa da, ölməyib.
2024-cü ilin dekabrında Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov ön cəbhədən çox uzaqda diversiya nəticəsində öldürülən ilk rus generalı olub. O, Moskvanın Ryazan prospektində yaşadığı binadan çıxarkən elektrik skuterinə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində ölüb.
Nəşrin yazdığına görə, terror aktını törədən şəxs məhkəmədə Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alındığını bildirib və ömürlük həbs cəzasına məhkum edilib.
Bundan bir neçə ay sonra – 2025-ci ilin aprelində Moskva vilayətinin Balaşixa şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik öldürülüb. Partlayıcı yaşayış binasının həyətində park edilmiş avtomobilə yerləşdirilib və general maşına yaxınlaşarkən işə salınıb.
Moskalikin qətlində ittiham olunan İqnat Kuzin istintaq tərəfindən "Ukrayna xüsusi xidmət orqanlarının agenti" adlandırılıb və o da ömürlük həbs cəzası alıb.
Həmin ilin dekabrında isə Baş Qərargahın əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov avtomobilinin partladılması nəticəsində ölüb. Partlayış dayanacaqda baş verib. General avtomobilə əyləşərək bir neçə metr hərəkət etdikdən sonra partlayış baş verib.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açsa da, indiyədək bu hadisə üzrə saxlanılan və ya şübhəli şəxslər barədə məlumat verilməyib.
2026-cı ilin fevralında isə Moskvada Baş Qərargahın Baş İdarəsi rəisinin birinci müavini, general-leytenant Vladimir Alekseyevə silahlı hücum edilib. O, sağ qalıb.
Araşdırmaçılar Alekseyevi Ukraynaya qarşı müharibədə iştirak edən rus könüllü silahlı birləşmələrinin əsas rəhbərlərindən biri hesab edirlər.
Bu ilin aprelində anonim "Telegram" kanalları general-mayor Azatbek Omurbekova qarşı sui-qəsd cəhdi barədə məlumat yayıblar. "VÇK-OGPU" kanalının iddiasına görə, Xabarovsk diyarının Knyaze-Volkonskoye-1 kəndində yerləşən hərbi qarnizon ərazisindəki poçt qutusuna partlayıcı yerləşdirilib. Partlayış nəticəsində rabitə təlim batalyonunun komandiri ölüb. Hadisə ilə bağlı başqa rəsmi məlumat yoxdur.
Qeyd olunur ki, Omurbekov 2022-ci ildə Kiyev vilayətinə daxil olan 64-cü motoatıcı briqadaya komandanlıq edib və Buça qətliamı ilə əlaqələndirilir.
Avqustun 1-də isə Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin komandanı Aleksandr Çaykoya qarşı sui-qəsd cəhdi edildiyi barədə məlumat yayılıb.
Meduza yazır ki, Çayko sui-qəsd cəhdinə məruz qalan ən yüksək rütbəli generallardan biridir. O, 2026-cı ilin mayında Hərbi-Kosmik Qüvvələrin komandanı təyin olunub, iyulun sonunda isə 55 yaşı tamam olub.
Jurnalistlərin məlumatına görə, avqustun 1-də Moskvanın mərkəzində yerləşən Balzi Rossi restoranı yaxınlığında partlayış baş verib. İddialara əsasən, Çayko burada həm ad gününü, həm də yeni təyinatını qeyd edirmiş.
Rəsmi qurumlar hadisə ilə bağlı Çaykonun adını açıqlamayıb. Rusiya İstintaq Komitəsi cinayət işinin başlanması barədə məlumat verməyib, ölkənin dövlət televiziya kanalları da hadisəni işıqlandırmayıb.
Xatırladaq ki, avqustun 1-i axşam saatlarında Moskvanın mərkəzində yerləşən Balzi Rossi restoranında baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb.
Bəzi mənbələrin iddiasına görə, partlayışın əsas hədəfi Ukraynada Buça hadisələrinə görə mühakimə olunan general Aleksandr Çayko olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant İqor Romanenko hadisəni şərh edərkən bildirib ki, Moskva restoranındakı partlayış "istifadə olunan vasitələrin miqyasının və təsir imkanlarının artdığını göstərir".
A.Qorxmaz