Modern.az

Pezeşkian yeni ali liderdən danışdı: "Haqqında yanlış obraz yaradılıb"

Pezeşkian yeni ali liderdən danışdı: "Haqqında yanlış obraz yaradılıb"

Dünya

Bu gün, 08:56

İran Prezidenti Məsud Pezeşkian ölkənin yeni ali lideri ilə keçirdiyi görüşlərdən danışaraq onun məntiqli, səbirli və dialoqa açıq insan olduğunu bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Pezeşkian İran KİV-lərinə müsahibəsində bildirib ki, yeni ali liderlə dəfələrlə ölkədaxili problemləri və hökumətin fəaliyyətini müzakirə edib.

Onun sözlərinə görə, bu görüşlər zamanı ürəyindən keçən bütün fikirləri açıq şəkildə ifadə edə bilib, qarşı tərəf isə bunlara anlayış və məntiqlə yanaşıb.

“Əxlaqı, məntiqi və təvazökarlığı baxımından gördüyüm şəxs həqiqətən də müstəsna idi”, – deyə İran prezidenti vurğulayıb.

Pezeşkian əlavə edib ki, yeni ali lider barədə ictimai məkanda formalaşdırılan obraz onun şəxsi təəssüratları ilə üst-üstə düşmür.

O bildirib ki, ali liderə aid edilən bəzi fikirlər onun şəxsi görüşlər zamanı müşahidə etdiklərindən fərqlənir.

İran prezidenti hazırkı şəraitdə birbaşa ünsiyyət imkanlarının qorunmasının və mövcud problemlərin açıq şəkildə müzakirəsinin vacibliyini də qeyd edib.

Məsud Pezeşkian İrana qarşı müharibə və sanksiyalar vasitəsilə Suriya ssenarisinin həyata keçirilməsinə cəhd edildiyini, lakin bunun baş tutmadığını bildirib.

O deyib ki, düşmənlərin planları xalqın ayıqlığı və hökumətlə əməkdaşlığı sayəsində iflasa uğrayıb.

Prezidentin sözlərinə görə, İran xalqının dözümlülüyü və qətiyyəti ölkəyə qarşı hazırlanan planların qarşısını alıb.

O vurğulayıb ki, iranlıların birliyi xarici təhdidlərə qarşı dayanmağın əsas amilidir.

İran prezidenti çıxışında mərhum ali lider Ayətullah Seyid Əli Xameneinin rəhbərlik etdiyi administrasiyaya hər zaman dəstək verdiyini də qeyd edib.

"Onun dəstəyi olmasaydı, bu qədər irəliləyə bilməzdik", – deyə Pezeşkian vurğulayıb.

Prezident əlavə edib ki, ölkənin son iki ildə üzləşdiyi bütün çətinliklərə baxmayaraq, İran hazırda güclü dövlətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskvada qaçaqaç başladı - Ruslar Azərbaycana gəlir