Ermənistan hökuməti üç nazirliyin adının dəyişdirilməsini nəzərdə tutan "Hökumətin tərkibi və strukturu haqqında" qanuna dəyişiklik layihəsini təsdiqləyib.
Modern.az xəbər verir ki, qərar hökumətin bu gün keçirilən iclasında qəbul olunub.
Dəyişikliklərə əsasən, Xarici İşlər Nazirliyi bundan sonra Xarici İşlər və Xarici Ticarət Nazirliyi, Yüksək Texnologiyalar Sənayesi Nazirliyi isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi adlanacaq.
Bundan başqa, Əmək və Sosial Məsələlər Nazirliyinin adı Əmək və Rifah Nazirliyi olaraq dəyişdiriləcək.
Qanun layihəsinə əsasən, Xarici İşlər və Xarici Ticarət Nazirliyinin səlahiyyətlərinə xarici ticarətin təşviqi, erməni istehsalçılar üçün xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və ölkəyə investisiyaların cəlb olunması ilə bağlı müddəalar əlavə edilir.
Digər iki nazirliyin funksiyalarında isə dəyişiklik nəzərdə tutulmur. Bildirilir ki, Yüksək Texnologiyalar Sənayesi Nazirliyi indiyədək də süni intellekt sahəsinə nəzarət etdiyindən yalnız ad dəyişikliyi aparılır.