Serbiya prezidenti Aleksandar Vuçiç müharibənin yaxın zamanda başa çatacağına əmin olmadığını və qarşıdakı qışın həm Ukrayna, həm də bütün Avropa üçün ağır keçəcəyindən narahat olduğunu bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, avqustun 8-də Belqradda ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransı zamanı danışıb.
“Müharibənin tezliklə başa çatacağına əmin deyiləm və qarşıda həm Ukrayna, həm də hamımız üçün ağır qışın olacağından qorxuram. Müharibənin tezliklə başa çatması üçün bir yol görmürəm”, — deyə Serbiya prezidenti bildirib.
Vuçiç həmçinin Ukraynanın Avropa İttifaqına üzvlük yolunda Serbiyanın dəstəyinə arxalana biləcəyini deyib. O bildirib ki, Belqrad BMT Nizamnaməsini və Ukrayna da daxil olmaqla, bütün üzv dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyir.
Onun sözlərinə görə, Serbiya və Ukrayna enerji və kənd təsərrüfatı sahələrində ciddi nəticələr əldə edə bilərlər. Bu gün Ukrayna və Serbiya arasında həmçinin “qarşılıqlı anlaşma” memorandumu imzalanıb.