Modern.az

Merkel Almaniya prezidenti ola bilər - Sorğu açıqlandı

Merkel Almaniya prezidenti ola bilər - Sorğu açıqlandı

Dünya

Bu gün, 17:16

Almaniyanın sabiq kansleri Angela Merkel siyasətdən getməsindən təxminən beş il sonra keçirilən sorğuda federal prezident vəzifəsinə uyğun namizəd kimi gündəmə gəlib.

Modern.az xəbər verir ki, “RTL/ntv”nin sifarişi ilə “Forsa” tərəfindən keçirilən sorğuda iştirak edənlərin 47 faizi Merkelin Almaniyanın federal prezidenti vəzifəsinə uyğun olduğunu bildirib.

Hazırkı prezident Frank-Valter Ştaynmayerin səlahiyyət müddətinin ikinci beşilliyi gələn il başa çatacaq. Bundan sonra Almaniyada dövlət başçısı vəzifəsi üçün yeni namizəd seçilməlidir.

Merkelə dəstək yalnız sağ-mərkəzçi siyasi düşərgə ilə məhdudlaşmır. Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) tərəfdarlarının 55 faizi sabiq kansleri bu vəzifəyə uyğun hesab edir.

Sosial Demokrat Partiyasının (SPD) tərəfdarları arasında da bu göstərici 55 faizdir. “Yaşıllar”ın seçiciləri arasında Merkelə dəstək 75 faizə, solçu seçicilər arasında isə 70 faizə çatır.

Hətta “Almaniya üçün Alternativ” (AfD) tərəfdarlarının 23 faizi də Merkelin ölkənin ən yüksək dövlət vəzifələrindən birinə uyğun olduğunu düşünür.

Bununla belə, Merkelin özü siyasətə qayıtmaq niyyətində görünmür. 2026-cı ilin fevralında onun mümkün namizədliyi ilə bağlı ilk xəbərlər yayılanda sabiq kansler bu iddiaları kəskin şəkildə rədd edərək onları “absurd” adlandırmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar