Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilməsi məsələsi noyabrın 11-də keçiriləcək təşkilatın sammitində nəzərdən keçirilə bilər.
Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib.
O qeyd edib ki, təşkilat üzvlərindən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı bütün qərarlar KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətinə daxildir:
“Üzv dövlətlərdən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsi ilə bağlı istənilən qərar tamamilə Kollektiv Təhlükəsizlik Şurasının səlahiyyətinə daxildir. Şura təşkilatın nizamnaməsinin müddəaları əsasında belə qərarlar qəbul etmək hüququna malikdir. Sizin sualınıza gəldikdə, tətbiq olunan normalar, xüsusilə nizamnamənin 20 və 25-ci maddələrində əksini tapıb”, - deyə Qaluzin bildirib.
Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, KTMT-nin nizamnaməsi beynəlxalq müqavilədir və onun bütün tərəfləri tərəfindən vicdanla yerinə yetirilməlidir.
Onun sözlərinə görə, bu öhdəliklərə təşkilata üzv hər bir dövlətin KTMT orqanlarının fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməsi də daxildir.
“İrəvanın təşkilatın fəaliyyətində iştirakdan imtina etməsi və onun büdcəsi ilə bağlı illik qərarları imzalamaması yalnız ona məxsus hüquqdan istifadə etməməsi deməkdir. Lakin bu, Ermənistanın milli üzvlük haqqını vaxtında ödəmək öhdəliyini aradan qaldırmır”.
Qaluzin əlavə edib ki, istənilən beynəlxalq təşkilatda institusional səmərəliliyin qorunması prinsipindən irəli gələrək, belə hallar üçün təsis sənədlərində müvafiq prosedurlar nəzərdə tutulur.
“KTMT də istisna deyil”, - Rusiya XİN rəhbərinin müavini deyib.