Litva Rusiya və Belarus sərhədində 20 metrlik xəndəklər qazacaq.
Modern.az xəbər verir ki, Litva hökuməti Rusiya ilə sərhəddə, o cümlədən Kalininqrad vilayəti istiqamətində, eləcə də Belarus sərhədində yeni müdafiə maneələrinin yaradılmasına qərar verib.
Qərar Litva Müdafiə Nazirliyinin təklifi əsasında qəbul olunub.
Plan çərçivəsində sərhəd ərazilərində eni 20 metrə çatan xəndəklərin qazılması nəzərdə tutulur. Ordunun müəyyən etdiyi bəzi ərazilərdə isə xəndəklərin eni 150 metrə qədər olacaq.
Xəndəklərin sərhəd boyunca patrul yolundan ölkə ərazisinin içərilərinə doğru qazılması planlaşdırılır.
Layihənin həyata keçirilməsinə Vilnüsün təxminən 50 milyon avro vəsait ayıracağı bildirilir. Müdafiə xətlərinin yaradılması işlərinin 2028-ci ilədək başa çatdırılması nəzərdə tutulur.
Bundan başqa, Litva hökuməti 2030-cu ilədək bataqlıqların bərpası ilə bağlı tədbirləri də razılaşdırıb. Hökumətin fikrincə, bataqlıqların bərpası əraziləri ağır hərbi texnika üçün daha keçilməz hala gətirəcək.
Litvada həmçinin “əks-mobillik parkları”nın sayının artırılması planlaşdırılır. Bu obyektlərdə yolların operativ şəkildə bağlanması üçün mühəndis maneələri saxlanılacaq.
Söhbət tank əleyhinə maneələrdən, hər birinin çəkisi təxminən 1,5 ton olan “əjdaha dişləri”ndən, tikanlı məftillərdən və digər mühəndis qurğularından gedir.
Əvvəllər 27 belə parkın yaradılması planlaşdırılırdısa, onların sayının 50-yə çatdırılması nəzərdə tutulur.