Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatına görə, 2026-cı il avqustun 4-dən 10-dək ölkədə benzinin orta qiyməti 53 qəpik azalaraq litr üçün 76,04 rubla düşüb. Dizelin qiyməti isə 2 rubl 32 qəpik ucuzlaşaraq litr üçün 88,97 rubl təşkil edib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bazarın təhlili zamanı benzinin əsas markaları üzrə qiymətlərdə də dəyişiklik qeydə alınıb. Belə ki, Aİ-92 markalı benzinin qiyməti 60 qəpik azalaraq litr üçün 72,17 rubla, Aİ-95 markalı benzinin qiyməti 51 qəpik azalaraq 78,21 rubla düşüb. Aİ-98 markalı benzinin qiyməti isə əksinə, 47 qəpik artaraq litr üçün 101,78 rubla yüksəlib.
28 regionda benzinin qiyməti artıb. Ən böyük bahalaşma Tver vilayətində qeydə alınıb – 6,8 faiz.
44 regionda isə benzin ucuzlaşıb. Ən ciddi qiymət enişi Dağıstan Respublikasında müşahidə olunub – 9,1 faiz.
Böyük şəhərlərdə qiymət dəyişiklikləri daha cüzi olub. Moskvada benzinin qiyməti 0,2 faiz azalarkən, Sankt-Peterburqda qiymət dəyişməyib.