Rusiya Prezidenti Vladimir Putin Saxalin vilayətinə işgüzar səfəri çərçivəsində Kuril adalarından biri olan İturup adasına gedib.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putini adada Saxalin vilayətinin qubernatoru Valeri Limarenko qarşılayıb.
Rusiya liderinin səfər etdiyi ilk obyekt “Yasnıy” balıq emalı kombinatı olub. Putin müəssisədə istehsal olunan məhsullarla tanış olub. Ona müxtəlif növ balıq kürüləri də təqdim edilib. Prezident həmçinin zavod əməkdaşları ilə xatirə şəkli çəkdirib.
Səfər zamanı Putin İturup sularında çəkisinin 300 kiloqrama çata bildiyi bildirilən tuna balığı ilə bağlı da məlumat alıb.
Putinin İturupa səfəri Yaponiyanın sərt reaksiyasına səbəb olub. Yaponiya Xarici İşlər Nazirliyi Rusiya tərəfinə bununla bağlı “qəti etiraz”ını çatdırıb.
Tokio İturupun da daxil olduğu Cənubi Kuril adalarını “Şimal əraziləri” adlandırır və onların Yaponiyaya məxsus olduğunu bildirir. Rusiya isə adaları öz ərazisi hesab edir. Bu ərazi məsələsi iki ölkə arasında uzun illərdir davam edən əsas fikir ayrılıqlarından biridir.
Qeyd edək ki, bu, Putinin İturupa ilk şəxsi səfəridir. Səfər Rusiya-Yaponiya arasında Kuril adaları ilə bağlı mübahisənin yenidən gündəmə gəlməsinə səbəb olub