Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının İturup adasına səfəri ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi XİN-ə çağırıb.
Modern.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, bundan əvvəl Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi Rusiyaya “qəti etiraz”ını bildirib. Tokio Cənubi Kuril adalarının, o cümlədən İturupun Yaponiyanın “əsl ərazisi” olduğunu iddia edir.
Yaponiyanın Baş naziri Sanae Takaichi də Putinin İturupa səfərinin Yaponiya-Rusiya münasibətlərinin normallaşdırılması prosesini çətinləşdirdiyini bildirib.
Rusiya Prezidenti isə avqustun 12-də bəyan edib ki, Moskva Yaponiyaya təhlükə yaratmır və Tokioya qarşı heç bir ərazi iddiası yoxdur.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Tərəflər arasında əsas fikir ayrılığı Tokionun Cənubi Kuril adalarına dair ərazi iddialarıdır. Yaponiya Kunaşir, İturup və Kiçik Kuril silsiləsinin bir sıra adalarını “Şimal əraziləri” adlandırır. Bu ərazilər İkinci Dünya müharibəsinin nəticələrinə əsasən SSRİ-nin nəzarətinə keçib.